“Tibbi tullantılar xəstəliklərin yayılmasına gətirib çıxarır”

img

“Tibbi tullantılar epidemioloji baxımdan böyük təhlükə yaradır”. 

Rezonans.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

Komitə sədri qeyd edib ki, bu tullantılar milyardlarla patogen bakteriya və virusun mənbəyidir: “Əgər tibbi tullantılar düzgün idarə olunmasa, bu və ya digər xəstəliklərin yayılmasına gətirib çıxarır. Digər məsələ radioaktiv tullantılardır. Səhiyyə müəssisələrində müxtəlif cihazlar istifadə olunur ki, onlar radioloji tullantılar yaradır. Desək ki, ölkədə bu sahədə problem yoxdur, doğru olmaz. Tullantılarla bağlı ciddi problemlər var. Onların toplanması, çeşidlənməsi, nəqli və utilizasiyasında ciddi problemlər müşahidə olunur. Ola bilər ki, Bakının özündə problem nisbətən azalıb, amma bölgələrdə daha qabarıqdır. Təəssüf ki, bu sahədə qanun yoxdur. Ola bilər ki, bu sahədə yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var və biz bu sahədə dəstək göstərməyə hazırıq”.

***

Deputat Soltan Məmmədov da mövzuya münasibət bildirib: “Monitorinqlər göstərir ki, tibbi xidmət göstərən özəl sahibkarlıq subyektlərində əksər hallarda tibbi tullantıların idarə olunmasında çatışmazlıqlar var. Hətta bəzi subyektlərdə həyətdə tibbi tullantıların yandırılması hallarına da rast gəlinirdi. Tibbi müəssisələrdə monitorinq və nəzarətin gücləndirilməsinə ehtiyac var. Həmçinin tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində çalışan özəl şirkətlərin monitorinq olunmalıdır”.

S.Məmmədov vurğulayıb ki, hazırda dünyada geniş yayılan yayılan “yaşıl xəstəxana” modelinin yaradılması hədəflənib.

 

Xəbəri paylaş: