"2023-cü il Azərbaycan müstəsna əhəmiyyətə malik və möhtəşəm nailiyyətlərlə zəngin bir il kimi tarixə düşdü" - Siyavuş Novruzov

img

Artıq yola salmağa hazırlaşdığımız 2023-cü il Azərbaycan müstəsna əhəmiyyətə malik və möhtəşəm nailiyyətlərlə zəngin bir il kimi tarixə düşdü. “Heydər Əliyev İli”ndə Azərbaycan mühüm sosial-iqtisadi, siyasi, diplomatik, hərbi-strateji uğurlar qazanaraq öz qüdrətini artırdı, müasir beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirdi. 


- Ümummilli Liderimizin siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin başı əzildi - ölkəmizdə separatizmə birdəfəlik son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Artıq üçrəngli bayrağımız respublikamızın bütün guşələrində qürurla və əzəmətlə dalğalanır; 


- İşğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışın uğurla davam etdirilməsi, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu;


- Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, yeni strateji hədəflərə çatmaq uğrunda inamla addımlayır. Cənubi Qafqazın şəriksiz liderinə - aparıcı güc mərkəzinə çevrilmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir; 


- Bu gün inkaredilməz reallığa çevrilən xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu, həm siyasi, iqtisadi, hərbi gücdür, həm xalq-iqtidar birliyidir, həm də  bizim regionda oynadığımız müsbət roldur”.


Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm.


Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız!



Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri



Xəbəri paylaş: