Avropa Parlament Assambleyası, Azərbaycanın və Ermənistanın bu quruma üzv olduqları 23 illik zaman kəsiyində bircə dəfə də olsun rəsmi İrəvanı öz öhdəliklərini yerinə yetirməyə çağırmamış, Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün Ermənistana Avropa Şurasının Nizamnaməsinin üçüncü bəndindən irəli gələn tələblər irəli sürməmişdir.
Əslində Azərbaycanın 2001-ci il yanvarın 17-də Avropa Şurasına tamhüquqlu üzvlüyünün təsdiqlənməsindən cəmi bir həftə sonra, həmin dövrdə torpaqlarımızın işğalını davam etdirən Ermənistanın eyni satusu alması, AŞ PA-nın elan etdiyi prinsiplərə sədaqətsizliyini və riyakarlığını nümayiş etdirirdi. İşğala son qoyulanadək, bir sıra beynəlxalq və regional təşkilatlar kimi AŞ PA-nın da əsas missiyası Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə çeşidli maneələr yaratmaqdan ibarət olub. Lakin nə Avropa Şurasının, nə də onun məşvərətçi orqanı olan AŞ PA-nın riyakarlığı Azərbaycanın öz hədəflərinə çatmaq üçün qətiyyətli mövqe nümayiş etdirməsinə, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə mane ola bilməyib və şübhəsiz ki, bundan sonra da bu qəbildən olan təxribatlar bizi öz hədəflərimizdən yayındıra bilməyəcək.
Avropa Şurası və onun Parlament Assambleyası, özünün 75 illik tarixində bircə dəfə də olsun, Avropa məkanında hər hansı bir problemin həllinə, münaqişələrin aradan qaldırılmasına töhfə verə bilməyib. Qurumun təsisçilərindən olan Fransanın və onun peyk, marionet ölkəciklərinin, həmçinin Avropa təsisatlarının parçalanmasında, üzv ölkələrin qütbləşməsində rəsmi Parislə eyni oyunların iştirakçısı olan Almaniyanın, əksinə Avropa məkanında ziddiyyətlərin dərinləşdirilməsinə xidmət edən təhrikçi və çoxüzlü davranışlarının şahidi olmuşuq. Azərbaycana münasibətdə nümayiş etdirilən qərəzli yanaşmalar, qurumun ermənipərəst rəhbərliyinin pərdəarxası oyunları, ölkəmizlə bağlı məruzəçilərin, bir çox hallarda şübhəli reputasiyaya malik olmaları, erməni lobbisi və diasporu ilə əlaqələri Avropa Şurasının və onun təxribat ssenarilərinin “legitimləşdirilıdiyi” “notariat kontoru”nun tamamilə əhəmiyyətsiz bir təsisata çevrildiyini təsdiqləyir.
Bu baxımdan AŞPA-dakı nümayəndə heyətimizin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını tamamilə doğru hesab edirəm.
Azər Kərimli
Millət vəkili