“ASAN xidmət”ə 70 milyonuncu müraciət qeydə alındı

img

 Bu gün “ASAN xidmət”ə 70 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

Rezonans.az xəbər verir ki, bu müraciət 7 saylı  "ASAN xidmət" mərkəzinə Qazaxıstan Respublikası vətəndaşı Zemfira Yunussova tərəfindən edilib.

O, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi xidmətindən yararlanıb.

70 milyonuncu müraciətin sahibi kimi Zemfira Yunussovaya təşəkkürnamə və ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Hazırda 27  "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.

Xəbəri paylaş: