Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası başladı - CANLI

img

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsi Plenumunun iclasında 7 nəfərin prezidentliyə namizədliyinin qeydə alındığını bildirib.

Rezonans.az-ın xəbərinə görə, MSK sədri seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçinin izlədiyini qeyd edib.

M.Pənahov xatırladıb ki, 1000 məntəqədə veb-kamera quraşdırılıb: "Seçicilərin fəallığı 76,43 faiz olub".

MSK-nın qərarına əsasən, seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.

M.Pənahov bildirib ki, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: "Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər".

***

Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

Rezonans.az-ın xəbərinə görə, S.Salmanova qeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

Məruzəçi hakim Kamran Şəfiyev prezident seçkiləri ilə prokurorluq və polis orqanlarına şikayət daxil olmadığını nəzərə çatdırıb.

*** 11:04

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

Rezonans.az xəbər verir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb. Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlanıb.

Yekun nəticələrə əsasən, İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

Digər namizədlərin səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev -0,54 faiz (26 517 səs).

Xatırladaq ki, Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.


Xəbəri paylaş: