Ötən il avtobus və mikroavtobus qəzalarında 24 nəfər ölüb

img

Keçən il ərzində avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 24 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, maddi zərərlə nəticələnən 2 560 yol-nəqliyyat hadisəsində sözügedən sahədə çalışan sürücülərin bilavasitə iştirakı da, bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir:

"Təhlillər göstərir ki, ölkədə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol qəzalarının ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amil qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də, dövlət qeydiyyat nişanlarını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, naktotik vasitələrdən istifadə edərək sərnişinlə dolu avtobus idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına gətirib çıxarır.

Bir daha texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək".

Xəbəri paylaş: