“Domodedovo” hava limanında Kamil Zeynallının saxlanılması bizə məlum olan kimi, Azərbaycanın Rusiyadakı Səfirliyinin konsulunu, eləcə də onun müavinini polis bölməsinə göndərdim. Onlar, həmçinin vəkilimiz Kamillə artıq görüşüb və onunla daim təmasdadırlar”.
Rezonans.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb:
"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.