Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 24-25 fevral tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Ümumilikdə 20-dən artıq rayondan 40-dan çox fermerin yarmarkada iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Rezonans.az xəbər verir ki, satışa çıxarılacaq məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən yetişdirilir. Yarmarkanın əsas üstünlüklərindən biri də məhsulların satışının birbaşa fermerlər tərəfindən həyata keçirilməsidir. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar burada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.
Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar. Alıcılar təbii kənd məhsullarını qeyd edilən tarixlərdə saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında baş tutacaq yarmarkadan əldə edə bilərlər.