Komitə sədri almaniyalı deputatlarla görüş keçirdi

img

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Rezonans.az xəbər verir ki, Bundestaqın Hüquq məsələləri komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi heyət deputatlar Canan Bayram, Ştefan Brandner, Sonya Ayxvede, Susanne Hirl, Torsten Lib, Karsten Müller və Yan Plobnerdən ibarət olub.

Görüşdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Ralf Horlemann, Almaniya xarici işlər nazirinin müşaviri Yan Şlixtinq də iştirak ediblər.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, həmçinin bu problemin həlli istiqamətində  həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirilib ki, Ermənistanın işğalçılığına son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi otuz ilə yaxın müddətdə əsas hüquqları pozulan, məcburi köçkünlüyün məhrumiyyətlərini yaşayan yüz minlərlə həmvətənimizin doğma yurda geri qayıdışına imkan yaradıb. Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşü prosesi gedir. Bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllini dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim diqqətdə saxlayır, onlara qayğı göstərirlər.

Məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması ilə əlaqədar həyata keçirilən layihələr haqqında məlumat verilərkən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə bu sahədə indiyədək əməkdaşlığın olduğu qeyd edilib.
Nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker səmimi qəbula və söhbətə görə təşəkkür bildirib, ölkəmizə səfərin məqsədi barədə məlumat verib,  Cənubi Qafqazda təhlükəsizliyin bərqərar edilməsinin, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Almaniyanın da maraq dairəsində olduğunu vurğulayıb.

Görüşdə almaniyalı deputatların çoxsaylı sualları cavablandırılıb, Böyük Qayıdışın müxtəlif aspektləri, işğaldan azad edilmiş ərazilərdə azərbaycanlı və erməni icmalarının birgəyaşayışının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə münasibət bildirilib.

Xəbəri paylaş: