YAP Göygöl rayon təşkilatının yaradılmasının 31 ili tamam olub

img

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının yaradılmasının 31 illiyi münasibətilə tədbir keçirilib.

      

Rezonans.az xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev iştirak edib. 

       

İlk öncə Ulu Öndər Heydər Əliyevin YAP Göygöl rayon təşkilatının qərargahı qarşısındakı abidəsi ziyarət olunaraq, önünə qızıl gül dəstələri düzüldükdən sonra akt zalında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

      

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunduğunu, cari ildə isə ölkəmizin həyatında mühüm və qürurverici hadisə yaşanaraq,  bütün ərazilərimizdə prezident seçkilərinin keçirildiyini fəxrlə vurğulayaraq, 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin 92,12% səs toplamaqla möhtəşəm qələbəsi münasibətilə hər kəsi təbrik edib. Bu qələbənin xalqımızın qalib Liderinə sonsuz inamının, yüksək etimadının göstəricisi və son 20 ilin uğurlarına verilən dəyərin təqdimatı oldugunu bildirən Vüqar İsayev, cənab İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasının XX əsrin sonunda siyasi zərurətdən və ictimai tələb əsasında yarandığnı qeyd edərək vurğulayıb ki, bu gün partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Əldə olunan zəfərlər Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirib. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyası hər zaman aparıcı mövqedə olub. Partiyanın ilk yaradılan rayon təşkilatlarından biri kimi bu gün sıralarında 6000 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının sınanmış dəstəsi olan Göygöl rayon təşkilatı da 31 il ərzində hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin ideyalarının, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir. Tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Yeni Azərbaycan Partiyasının zəngin ənənələrə malik partiya kimi nüfuzu gündən-günə artır.

       

YAP veteranı Savalan Məhərrəmov, Üçbulaq kənd Ərazi Partiya Təşkilatının sədri Nigar Səfxanova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası ölkəmizin çətin vəziyyətində yaranıb. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması ilə bağlı müraciət etdi.  Obyektiv səbəblərə görə Yeni Azərbaycan Partiyasının təsis konfransı 550 nümayəndənin iştirakı ilə1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır.  Təsadüfi deyil ki, hazırda  partiya üzvlərinin sayı 800 minə yaxındır.  Bu, xalqımızın Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsinin göstəricisidir. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 

      

Tədbirdə yekun nitqi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Yeni Azərbaycan Partiyasının  ölkəmizin hər bir uğurunda payı olduğunu bildirərək, böyük fəxr və qürur hissi ilə qeyd edib ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, son 20 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə ucaldan qalib Prezidentimiz cənab İlham Əliyevdir. Müasir müstəqil Azərbaycanın uğurlarında Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun dövlətə, xalqa xidmət nümunəsi olan fəaliyyəti ölkəmizin hərtərəfli inkişafına yönələn layihələrin uğurla icra edilməsində özünün aydın ifadəsini tapır. 

       

Elvin Paşayev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP-ın ilk gündən tutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirir. Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətdə böyük nüfuza malik olan insanları birləşdirir, xalqın arzu və istəklərinin həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərir.  YAP eyni zamanda, qələbələr partiyasıdır. Bu partiya ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbəsi ilə diqqətdədir. Bu, xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişidir. Cənab İlham Əliyev 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi kimi inamlı qələbə qazandı və bununla da suverenliyi, ərazi bütövlüyü tam bərpa edilən Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayaraq bu əminliyi də ifadə etdi ki, yeni dövrə uğurla başladıq və bu prosesi uğurla davam etdirəcəyik.  Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Bu istiqamətdə əldə olunan uğurlu nailiyyətlərdə heç şübhəsiz, YAP Göygöl rayon təşkilatının özünəməxsus rolu vardır. Belə uğurlu fəaliyyətdə Göygöl Rayon İcra Hakimiyyəti hər zaman YAP Göygöl rayon təşkilatının yanında olub və bundan sonra da olacaq. 

      

Çıxışlardan sonra YAP Göygöl rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.

     

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb

Xəbəri paylaş: