Azərbaycan Gürcüstan münasibətləri yeni perspektivlər vəd edir

img

Dünyadakı mövcud siyasi konyuktura onu bir daha sübut edir ki, qonşu dövlətlərlə müsbət əlaqələrin qurulması dövlətin istər hərbi, istərsə də iqtisadi təhlükəsizliyinin təmin olunmasında həlledici məqamlardan biridir.

Hazırki vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan bu vəzifənin öhdəsindən uğurla gələ bilib. Belə ki, Azərbaycan əsrlər boyu qonşu olduğu dövlətlərlə dostluq əlaqələri qurmağa çalışmış və bu münasibətlərin davamlı olmasında maraqlı olmuşdur. 

Qonşu olduğumuz və müstəqilliyin əldə olunmasından indiyədək dostluq münasibətlərimizi və qarşılıqlı əməkdaşlığı davam etdirdiyimiz dövlətlərdən biri də Gürcüstandır. Heç şübhəsiz ki, Gürcüstan ilə əlaqələrimiz strateji əhəmiyyət daşıyır və 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” bu əməkdaşlığın əsasını qoyan ilk belə sənəddir.

Digər tərəfdən Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələrinin ilk dayanacağı Gürcüstandır. Azərbaycan nefti və qazı məhz Gürcüstandan keçməklə Avropa bazarlarına çatdırılır. 16 mart 2024-cü ildə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdə çıxışı zamanı bu məqama toxunan Cənab Prezident İlham Əliyev, Azərbaycan qazını alan ölkələrin sayının artıq 8-ə çatdığını, Avropa qitəsində Azərbaycan qazına olan tələbatın ildən-ilə artacağını, Gürcüstanın tranzit ölkə kimi bu layihələrdə vacib rolu olduğunu vurğuladı: “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.”.

Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələri çoxəsrlik dərin köklərə söykənir. 90-ci illərdən başlayan və bu yaxınlarda 30-cu ilini tamamlayan iki ölkə arasındakı diplomatik münasibətlər, xüsusilə, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin yaxın dostluq əlaqələri səbəbi ilə həmin illərdə yüksək zirvəyə çatmışdı. Ümummilli Lider Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq, aradan ötən müddət ərzində bütün istiqamətlər üzrə daha da inkişaf etdirilib. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Hər iki ölkənin də tarixi İpək yolu üzərində yerləşməsi qitələri birləşdirən yeni nəqliyyat layihələri üçün geniş perspektivlər vəd edir. Gürcüstandan keçən və uğurla həyata keçirilən qeyd olunan layihələr, bərpa olunan enerji resursları ilə zəngin olan ölkələrin yaşıl enerji sahəsində də birgə əməkdaşlıq edə biləcəklərini deməyə əsas verir.

Bu gün Azərbaycan və Gürcüstan istər regional, istərsə də beynəlxalq səviyyədə birgə üzv olduqları bütün təşkilatlarda qarşılıqlı şəkildə bir-birlərinin mövqelərini dəstəkləyirlər. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycanın sözügedən sənədin lehinə səs verməsi qeyd etdiyimiz məqamı təsdiqləyən xüsuslardan yalnızca biridir.

Tarix boyu Azərbaycan və Gürcüstanın mövcud ərazilərində yaranmış müxtəlif dövlətlər kimi müstəqillik qazandıqdan az bir müddət sonra Azərbaycan Respublikası ilə Gürcüstan arasında da diplomatik əlaqələr qurulmuşdur; 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlamış, 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılmışdır.

Ölkələr arasında təşkil olunan rəsmi səfərlərin intensivliyi; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə Gürcüstana səfərləri, Gürcüstanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, parlamentlərarası işçi qruplarının, hökumət nümayəndələrinin mütəmadi olaraq görüşlər keçirməsi – dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə bir sübutdur.

Bu gün Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, maliyyə, investisiya, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Görüş zamanı çıxışında Gürcüstanla olan ticarət əlaqələrinə də diqqət çəkən Cənab Prezident “Bizim ticarət dövriyyəmiz artmaqdadır. Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.” deyə bildirib.

Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın qonşuları ilə yaxşı dostluq əlaqələri qurmaqda maraqlı olduğunu, bunun həm bizim, həm də qonşu ölkələrin hərtərfli inkişafı üçün vacib faktorlardan biri olduğunu qeyd etmişdir. Bu mənada Azərbaycan üçün önəmli bir dövlət olan Gürcüstanla əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam etdiriləcəyini, birlikdə yeni enerji və nəqliyyat layihələrinin həyata keçiriləcəyini təxmin etmək elə də çətin deyil.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: