Azərbaycanın Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Rezonans.az-ın məlumatına görə, imzalanma mərasimində spiker Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığın çərçivəsini müəyyən edəcək.
Qeyd edək ki, Memorandumda bir sıra vacib məqamlar əks olunub. Sənəddə Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub. Bu məqsədlə qanunvericilik orqanlarımızın komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərilməsi, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub.
Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviq edilməsi Memorandumda əksini tapıb. Bunlarla yanaşı, Azərbaycan Respublikası ilə Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylərin göstərilməsi nəzərdə tutulur. Tərəflər qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına da razılıq veriblər.