Azərbaycan Milli Məclisi Avropa Parlamentinin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnaməsinə münasibət bildirib.
Rezonans.az xəbər verir ki, bununla bağlı yayılan açıqlamada deyilir:
“Milli Məclis aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir. Bu beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib.
Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusilə sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə olunduğu dövrdə Avropa Parlamentinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vuran, ölkəmizin nüfuzuna xələl gətirməyə yönələn bir addımdır.
Bütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhvali-ruhiyyənin son dövrlərdə daha da gücləndiyini göstərir. Digər tərəfdən, sözügedən qətnamənin Avropa Parlamentinin Azərbaycana qarşı məqsədyönlü fəaliyyət göstərən deputatlarının təhriki ilə hazırlanıb müzakirəyə çıxarılması erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin quruma təsirinin miqyası haqqında təsəvvür yaradır. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etmələri onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar.
Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Azərbaycan Respublikası Konstitusiyasının üçdəbir hissəsi insan hüquqlarına və əsas azadlıqlara həsr olunub. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə doğma yurdlarından qovularaq, etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ləyaqətinin tapdalanması ilə bağlı həmişə susmağa üstünlük vermişdi.
Məsələnin başqa bir tərəfi də budur ki, konkret cinayət əməlləri törətdiklərinə görə məhkəmə qərarları əsasında məhkum edilmiş şəxslərin “siyasi məhbus” adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğuna görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə barələrində ittiham irəli sürülmüş şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyil. Məlum olduğu kimi, bu cür məsələlər məhkəmənin səlahiyyətinə daxildir və kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb olunması məhkəmə baxışının nəticəsindən asılıdır. İnsanların cəmiyyətdəki mövqeyinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur.
Qeyd edilməlidir ki, ölkəmizə qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurur. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan hərəkətlərdən çəkinməyə, ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe tutmağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırır. Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.