Almaniyadakı diaspor təşkilatları bəyanat yaydı

img

Almaniyadakı diaspor təşkilatları etiraz bəyanatı yayıblar.

Bu barədə Rezonans.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir.

Azərbaycan Prezidentinin Almaniyaya səfərindən narahat olan erməni diasporu və bəzi dairələr 26 aprel 2024-cü ildə Berlindəki Federal Kansler binasında etiraz aksiyası keçirəcək. Regionda sülh üçün yaxşı imkanların yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışırlar.

Bu haqsızlığa cavab olaraq Azərbaycan icması aprelin 26-da Berlində Brandenburq qapısı önündə analoji aksiya keçirərək Azərbaycan Prezidentinə öz dəstəyini ifadə edəcək. Azərbaycan icması Federal Kanslerin ofisinin qarşısında aksiya keçirmək üçün müraciət etsə də, Berlin polisindən iki etnik icma arasında mübahisəyə yol verilməməsi əsas gətirilərək imtina cavabı verilib.

Almaniya Azərbaycanlıları Alyansı, Alyansa daxil diaspor təşkilatları, Avropa Azərbaycan Mərkəzi və diaspor fəalı Asəf Əsgər Berlin polisinin bu birtərəfli münasibətinə etiraz bəyanatları yayıblar. Bəyanatlarda Almaniyadakı Azərbaycan icmasının nümayəndələrinin də iki etnik qrup arasında zorakı qarşıdurmanın əleyhinə olduğu bildirilib, eyni zamanda aksiyaya imtina verilməsi ifadə azadlığının pozulması kimi şərh edilib. Həmçinin, Berlin polisinin bu qərarına kəskin etiraz olunaraq Azərbaycan icmasının Azərbaycan Respublikasının Prezidentini salamlamaq və səfərinə dəstək ifadə etmək istəyi göstərilib. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfərinin iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.

Qeyd edək ki, erməni dairələrinin təşkil etdiyi aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək. Argentinadan olan L.Okampo kriminal, korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb”.

Xəbəri paylaş: