Azərbaycan etnik və dini qrupların evidir - Spiker

img

Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür.

 

Rezonans.az xəbər verir ki, bu fikirləri Milli Məclisin spikeri Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxışı zamanı deyib.

 

“Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur, - spiker əlavə edib.

 

Sahibə Qafarova xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahib olduğumuzu bildirib: “Bu gün burada toplanaraq, mövcud müzakirələrə töhfə verməyə çalışırıq”.

 

Sədr qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ölkəmizin mədəni irsi üçün fəlakətli nəticələrə səbəb olub.

 

“Mədəni irsimizin yüzlərlə obyekti qəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib və daşınıb. Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır”, - o əlavə edib.

 

Sahibə Qafarova işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işlərindən danışıb: “Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnik və dini qrupların irsini təmsil edir. Ölkəmizdə müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yanadırlar. Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir və bu dəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

 

Bütün tarixi və dini abidələrin dövlətin himayəsində olduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, onların yüzlərlə nümunəsi dövlət maliyyəsi ilə bərpa edilib və qorunub saxlanılıb”.

Xəbəri paylaş: