Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

img

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycanın Rumıniyadakı Səfirliyi və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyası tərəfindən tədbirlər təşkil olunmuş, ulu öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən büstü ziyarət edilmiş, abidənin önünə əklillər və tər çiçəklər qoyulmuşdur.Daha sonra tədbirlərə Azərbaycanın Rumıniyadakı Səfirliyində davam edilmişdir. 


Rezonans.az xəbər verir ki , əvvəlcə tədbir iştirakçıları səfirliyin foyesində təşkil edilmiş, dahi şəxsiyyətin həyatının müxətlif mərhələlərini özündə əks etdirən zəngin fotosərgi ilə tanış olmuşlar.


Səfirlikdə keçirilən konfransda çıxış edən səfir Q.Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışmışdır. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.


Daha sonra Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov Azərbaycanla Ruminiya arasında dostluq və əməkdaşlığın qurulmasında Ümummilli lider Heydər Əliyevin rolu haqqında çıxış etmiş, Rumıniya dövlət başçılarının Azərbaycan xalqının şanlı oğlu haqqında səsləndirdikləri fikirlərdən və xatirələrdən sitat gətirmişdir.  

Konfransın moderatoru, Buxarest Universitetinin doktorantı, gənc tədqiqatçı Salatın Şamilova məruzəsində Heydər Əliyev irsi və onun gənc nəslin tərbiyəsinə təsirini qeyd etmiş, bu kontekstdə ötən əsrin 90-cı illərində dünyaya göz açmış müstəqil Azərbaycanın vətəndaşlarının müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin 44 günlük Vətən müharibəsində qələbə qazanmasına və ölkəmizin ərazi bütövlüyünü təmin etməsinə toxunmuşdur.


Tədbirin sonunda mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilmiş, eləcə də səfirliyin ərazisində iştirakçılar üçün açıq havada çay süfrəsi təşkil olunmuşdur.


Mərasimdə Azərbaycanın və Türkiyənin Rumıniyadakı səfirliklərinin, “SOCAR Petroleum SA” şirkətinin, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.


Xəbəri paylaş: