"Hər iki dövlət bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir" - DEPUTAT

img

Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı Azərbaycanla İran İslam Respublikası arasında dostluq əlaqələrinin gücləndirilməsinə və yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək tarixi bir hadisə idi. 


Tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanla İran arasında mövcud dostluq, qardaşlıq əlaqələri, iki dövlət arasında həyata keçirilən birgə layihələr, Şimal-Cənub marşrut xəttinin səmərəliliyinin artırılması istiqamətində birgə fəaliyyət, eləcə də Azərbaycanda şaxələndirilmiş böyük nəqliyyat qovşağının yaradılması barədə məlumat verdi. 

Son dövrlər iki dövlət arasında yaranmış anlaşılmamazlıqlar qısa müddətdə aradan qaldırılaraq iki dost dövlət və xalqlar arasında əsrlərdir mövcud olmuş dostluq və qardaşlıq münasibətləri bərpa olunmuşdur. Artıq Azərbaycanla İran nəhəng birgə layihələr həyata keçirir və gələcəkdə yeni layihələrin reallaşdırılması üçün razılığa gəlinmişdir. 


Eləcə də hər iki dövlət bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir. Azərbaycan və İranın birgə yaratdıqları Şimal-Cənub Nəqliyyat Dəhlizi tək ölkələrimiz üçün deyil, bir çox dövlətlər üçün də böyük əhəmiyyət kəsb edir. İki dövlətin öz ərazilərində yaratdıqları dəmir yol infrastrukturları birləşdirilərək Şimal-Cənub Nəqliyyat Dəhlizi dünyanın ən önəmli nəqliyyat xəttinə çevriləcək. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilmişdir ki, bu da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu avtomobil körpüsü Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, həm də Şərq-Qərb Nəqliyyat Dəhlizinin də bir hissəsi olacaq. Prezident cənab İlham Əliyevin xarici siyasətinin əsas prioritetini bütün dövlətlərlə qarşılıqlı hörmət və bir birinin daxili işlərinə qarışmamaq təşkil edir. 


Ölkə başçımız dəfələrlə vurğulayıb ki, regionda həyata keçirilən bütün layihələr region dövlətlərinin iştirakı ilə həll edilməlidir və regiondan uzaqda yerləşən dövlətin müdaxiləsi yol verilməzdir. Ermənistan dövləti də bu reallığı gəbul etməli və regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmalıdır. Bundan sonra Ermənistanın da regional iqtisadi layihələrdə iştirakı mümkün ola bilər.


Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: