İşə qəbul üzrə imtahan keçiriləcək

img

Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyi ilə birgə 2024-cü il iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulu üzrə test imtahanı keçirəcək.

DİM-dən Rezonans.az-a verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi".

Musiqi istiqamәti üzrә imtahan verәn iştirakçılar imtahana gәlәrkәn özləri ilə mütlәq HB sәrtliyindә sadә karandaş, qәlәmyonan vә pozan gәtirmәlidirlər.

İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2 saatdır.

Direktor vә direktor müavinilәrinin imtahanında namizədlərə 100, müәllimlәrin imtahanında isə 70 test tapşırığı tәqdim olunur. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1044 namizəd (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahanda 5 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil) namizədlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Xəbəri paylaş: