Autizmli rəssam Yusif Qasımlının fərdi yaradıcılıq sərgisi keçirilib

img

Mayın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Bəhruz Kəngərli adına Sərgi Salonunda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə autizmli rəssam Yusif Qasımlının “Hər kəsin öz rəngi var” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.


Rezonans.az xəbər verir ki, sərgidə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdmanın), Rəssamlar Birliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Təhsil nazirliklərinin əməkdaşları, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar və ailələri iştirak edib. 


Giriş sözü söyləyən Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva rəssamın yaradıcılığını təhlil edərək, müxtəlif janrlarda çəkilən əsərlərin bədii və estetik xüsusiyyətlərindən bəhs edib.  

Ombusdman Günay Rzayeva sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə fəal inteqrasiyası sahəsində bu gün muxtar respublikada yaradılan şərait barədə danışaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi, onların hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması və bərpası istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Ombusdman tərəfindən hazırlanmış Azərbaycan Respublikasının dövlət uşaq siyasətindən bəhs edən videoçarx nümayiş olunub. 


Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti Jalə Əhmədovanın autizmli rəssam Yusif Qasımlının fərdi yaradıcılıq sərgisinin keçirilməsi ilə bağlı video təbrikinə baxılıb.

Sərgidə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Fərid Bağırzadə, təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Elxan Nəcəfov rəssam Yusif Qasımlını fərdi yaradıcılıq sərgisinin keçirilməsi münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.

Ombusdman tərəfindən hazırlanmış rəssamın əsərlərindən ibarət “Mənim rəngli dünyam” adlı albom - kataloqun təqdimatı keçirilib. 


Rəssamın ailə üzvüləri göstərilən diqqətə görə minnətdarlıq edib və sərgiyə baxış olub.

Xəbəri paylaş: