Danimarkada yaşayan azərbaycanlı həkim uğura imza atıb

img

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin sədri, İnsan Miqren Araşdırma Birliyinin direktoru Məsud Aşina nüfuzlu Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyasının üzvü seçilib.

Rezonans.az xəbər verir ki, 280 ildən çox yaşı olan Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyası Avropanın nüfuzlu elmi mərkəzlərindən biridir. Bu günlərdə Akademiyaya seçilən 18 yeni üzv arasında azərbaycanlı alim Məsud Aşinanın olması ölkəmiz üçün qürurverici haldır. Soydaşımız zəngin elmi tədqiqatları və Danimarkada müxtəlif sahələr arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə akademiyanın yeni üzvləri sırasına daxil edilib.
Akademiyaya üzv seçilənlər Danimarkada elm və fənlərarası anlaşmanı gücləndirən cəmiyyətin fəal üzvünə çevrilir. Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyası fundamental elmi tədqiqatların bütün sahələrindən olan tədqiqatçıları əməkdaşlıq və birgə fəaliyyət məqsədilə özündə cəmləşdirir. Akademiya çərçivəsində elmi müzakirələr, simpoziumlar, mühazirələr, təqdimatlar təşkil olunur, habelə beynəlxalq nəşrlər buraxılır, əməkdaşlıq həyata keçirilir, həm tədqiqat, həm də beynəlxalq iqlim siyasəti, dövlət idarəçiliyi , təhsil və elmi tədqiqatların yayılması reallaşdırılır. 

Akademiyaya yeni seçilən üzvlər Danimarkada tədqiqatçılar və tədqiqatlar üçün yaxşı şəraitin yaradılması işində də yaxından iştirak edəcəklər.

Qeyd edək ki, dünya şöhrətli həkim alimimiz "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının laureatıdır, “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub, Prezident İlham Əliyevin fərmanı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasına daxil edilib.

Xatırladaq ki, Məsud Aşina “Ən yaxşı elmi təqdimat” üzrə “Moqens Foq” mükafatı, nevrologiyada elmi nailiyyətlərinə görə “Roşe” mükafatı, “Qlakso Smit Klayn” tədqiqat mükafatı, “Monrad-Krohns” mükafatı və “TÜBA – Beynəlxalq Akademiya Mükafatı” ilə təltif olunub. 

Məsud Aşina “Miqrenin patofiziologiyası” kitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları və miqrenlə əlaqədar dərc edilmiş 400-dən çox məqalənin müəllifidir. Onun PubMed-də (1997-2017) tam olaraq 158 qeydiyyatdan keçmiş yazısı var. 

O, 2021-ci ildə baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.

Xəbəri paylaş: