Bakıda daha bir yol təmir olunur - VİDEO

img

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Bakı şəhəri, Suraxanı rayonunda Səttar Bəhlulzadə küçəsinin Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək olan hissəsi üzrə təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyindən Rezonans.az-a verilən məlumata görə, uzunluğu 4.9 km, ortalama eni 9 metr olan sözügedən küçə üzrə hazırda köhnə və yararsız asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri aparılır. 

Təmir çərçivəsində küçə boyu zəruri yerlərdə köhnə səki daşlarının yenilənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, zəruri olan yerlərdə yağış barmaqlıqlarının yenilənməsi işləri də yerinə yetiriləcək.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılan təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Qeyd edək ki, işlərin aparıldığı hissələrdə ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 


Xəbəri paylaş: