"Turistlərin də heyran qaldığı qədim Gəncə" - Leyla Turan yazır...

img

"Xatirələri isti-isti yazmaq yaxşıdır..." Bəlkə də... Amma mən xatirələrimin boyatına da sadiqəm. Hər halda, xatirə xatirədir-sevinci, kədəri, kövrəkliyi, yanğısı ilə...


"Gəncəli xatirələr" mənim kövrək olanlarımdır.

Keçən ay yenə getmişdim Gəncəyə, mahnıda deyildiyi kimi, "Gəncənin burma-burma yollarında" öz izimi, söz izimi axtarmışdım.

Səfərim 2 günlük idi, amma mən vaxt edib sevdiyim şəhərin xeyli hissəsini gəzə bildim. Əvvəlcə, onu deyim ki, şəhər bir az daha gözəlləşmişdi. Gəncə tam dəyişmişdi. Əlbəttə görüləsi hələ çox şey var, amma şəhər məni valeh etdi. Küçələri gəzdim, Gəncənin hər küçəsi, hər divarı, hər daşı bir tarixdir. Ayaq qoyduğum hər küçədə müasirliyin tarixin qoynuna sığındığını gördüm. Binaların üzərindəki barelyeflər Gəncə torpağının, Gəncə elmi, ədəbi mühitinin yetişdirdiyi insanları xatırlamağıma bir daha vəsilə oldu.

Xudadat bəy Rəfibəyli, Nigar Rəfibəyli kimi şəxsiyyətlərin ata ocağı ana babamgillə "küçəli"dir. Gəncəlilərin bir-birinə ərkyana dediyi bu "küçəli" sözü, darvazalardan boylanan gülərüz nənələrin, babaların "qadan alım" deməsi insanı ruhən yaşıllandırır...

Bu dəfəki Gəncə səfərimdə Heydər Əliyev adına parkı başdan-başa gəzdim...

Qafqazın ən böyük parkının Gəncədə olması reallığı təkcə gəncəlilərin deyil, azərbaycanlıların qürurudur. Yaşıllıq, insanların istirahəti üçün fərqli tərzdə inşa edilmiş ictimai-iaşə obyektləri, uşaqların sevincinə, həyəcanına səbəb olan əyləncə parkı, Gəncəyə quş baxışı nəzər yetirməyə imkan verən karusel gəncəlilərin və Gəncənin qonaqlarının gözəl vaxt keçirmələrinin təminatıdır.

Gəncə səfərimdə həmişə getdiyim 2 küçə var: ana babamın ocaq yeri Zərrabi küçəsi və ata babamın ocaq yeri Cavadxan (keçmiş Sabir) küçəsi. Zərrabi küçəsində xülyalı bir həyəcan sarır məni... Çinarların nəğməsini orada bir ayrı cür eşidirəm. Elə bilirəm, mənə dünəndən sabaha daşınan, bətnində kədərlə sevinci əkiz balası kimi əzizləyən ümiddən danışırlar... Anamın uşaqlığı burda keçib. Həmin o qırmızı kərpicli evlər, adamı uzaq keçmişə aparırdı.

Evlərə, dükanlara baxa-baxa gəlib çıxdım Cavadxan küçəsinə. Gəncənin Torqovusuna. Atamın anası burda yaşayırdı. Elə mənim uşaqlığım da bu küçədə keçib. Cavadxan küçəsini də o baş bu baş gəzdim. Çoxlu kafelər, mağazalar açılıb orda. Nənəmin yaşadığı evə də girib baxdım və çıxdım. Bir az kövrəldim. Nənəm sağ olsaydı o məni qarşılayardı. İndi nə nənə var, nə o ev.

Cavadxan küçəsi tamamilə ayrı aləmdir mənimçün. Uşaqkən qaçdığım, yüyürdüyüm küçənin səsləri də dəyişmir illərdir. Akira Kurosavanın "bəzi səslər uşaqlıqda qalır" fikrini həmişə, hər yerdə qəbul edirəm, təkcə Cavadxan küçəsində bu fikir öz əhəmiyyətini itirir. Çünki mən orada dəyişilməyən bir səsi eşidirəm daim: qaçan, yüyürən, şənlənən uşaq səsləri.

Gəncə səfərimdə Gəncədə fəaliyyət göstərən yeni avtobusları da gördüm. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin abad küçələrinə məhz belə-təzə avtobuslar yaraşır. Düzdür, köhnə avtobuslar da, balaca mikroavtobuslar da Gəncə küçələrində sərnişin daşıyır, amma mən onların da yerində təzə avtobuslar görməyi arzuladım. Sonrakı düşüncəm özümü də gülümsətdi: "Bu mikroavtobuslar, bu köhnə avtobuslar sərnişindən çox xatirə daşıyır, əslində..."

Yolları da demək olar ki, düzəlib, asfalt vururlar. Əvvəl Gəncənin küçələri çox pis gündə idi. İndi o da düzəlir.

9 aprel 2024-cü ildə Cənab prezident İlham Əliyev Gəncədə yeni stadionun təməlini qoydu. Gəncəlilər, "Kəpəz" futbol klubunun azarkeşləri üçün bu, əsl bayram müjdəsi idi. Bayramın qeyd edilməsi o stadionun açılışı günü olacaq!

Mənsə, köhnə stadiona baş çəkməyi özümə borc bildim. O stadionun daşlarına "Kəpəz"in yaratdığı həyəcan, qələbə sevinci, məğlubiyyət peşmanlığı hopmuşdu sanki... Gəncəyə belə stadion çox yaraşar. İllərdi bu stadion fəaliyyət göstərmirdi, illərdi Gəncəlilər stadiona həsrət qalmışdılar. Hər daşda bir əlçim də olsa, mamır izi vardı. Elə bil, o izlər deyirdi:" Yaddaş qayalığında hər xatirə mamır deyilmi?!"

Xoşdur ki, Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Gəncəyə xüsusi diqqət yetirir. Şəhərdəki Ekoloji Park, İdman sarayı, küçələrin günbəgün abadlaşması, iş yerlərinin açılması və daha çox iş yerlərinin açılacağı barədə deyilənlər ürək açır. Şəhərin bu gözəlliyi, möhtəşəmliyi turistləri də cəlb edir.

Demək olar ki, Gəncənin mərkəzində hər 10 addımda 1 turistə rast gəlinir.

Cavadxan məqbərəsinin yanında oturub düşüncələrə dalmaq kimi bir adətim var. Düşüncələrimin hansı pəncərəsindən gördüm, bilmirəm, bir də baxdım ki, hindistanlı bir turist heyrətlə məqbərəyə baxır. Onunla həmsöhbət olmağa tələsdim. Göygölə, Hacıkəndə, "İmamzadə" kompleksinə getmək istədiyini dedi. Mənsə ona Gəncədə daha hansı gəzməli, görməli yerlərə baş çəkə biləcəyi barədə ətraflı məlumat verdim. Sağollaşmadan öncə həmsöhbətim dedi: "Gəncə qədim və gözəl şəhərdir. İnsanları qonaqpərvər, gülərüzdürlər. Bu şəhərə yenidən gələcəyimə dair artıq özümə söz vermişəm. Tarix yatan bu şəhərə malik olmaq xoşbəxtlikdir. Qoruyun və qədrini bilin!" Qürurlandım... Gəncəm, Azərbaycanım ilə bir daha fəxr etdim!

Gəncə Dövlət Filarmoniyasının binasına baş çəkməsəm, qayıtmıram Bakıya. İndi də binaya baş çəkdim, qeyri-adi, heyrətamiz tavan rəsmlərinə dönə-dönə baxdım. Oradakı hisslərimlə Cavadxan küçəsiylə üzüyuxarı - çayın sahilinə yollandım. Nizaminin heykəlinə ehtiramımı bildirib körpünü keçdim. Gəncə Dövlət Dram Teatrının (bu yaxınlarda "Milli" statusu alması da təqdirəlayiq idi) adamı sehirləyən binasına baxdım. Və elə oradaca-bir yanda ağac pıçıltısı, bir yanda quş səsi, bir yanda iki sevənin təbəssümü, bir yanda uşaq dəcəlliyi olan o çay kənarında üzümü şükranlıqla göyə tutdum: "Yaratdığına şükür, İlahi!"

İkinci təşəkkürüm isə Ali Baş Komandanımıza idi: "Tarix qoxulu, qədim Gəncə daha da gözəlləşir, sizin sayənizdə, Cənab Prezident. Hətta turistlər valeh olur onun gözəlliyinə. Bu vətəni, bu xalqı bu qədər sevdiyiniz üçün çox sağ olun, Cənab Prezident!"


Leyla Turan



Xəbəri paylaş: