Ekoloji tarazlılq dünyanın ən vacib problemidir

img

Müasir dövrümüzdə insanlığın önündə duran ən mühüm vəzifələrdən biri dünyadakı ekoloji tarazlığın bərpa olunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması,Yer kürəsini məhvə apara biləcək ekoloji fəlakətləri vaxtında və düşünülmüş şəkildə önləməkdən ibarətdir. Ekosistemin bərpasında ən vacib amil ənənəvi enerji mənbələrinin tükənmə təhlükəsinin getdikcə artdığı bir zamanda bərpa olunan enerji mənbələrinin istifadəsini təşkil etmək və bu tükənməyən ehtiyyatlardan maksimum dərəcədə faydalanmaqdır.

     

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

     

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub və bu gün də bu istiqamətdə olduqca vacib , əhəmiyyətli işlər görülməyə davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

     

Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

    

Bərpa olunan enerjinin istehsalı  və istifadəsi üçün ölkəmizdə bir sıra mühim tədbirlər həyata keçirilib. 2020-ci ildən Masdar, ACWA Power, BP, Fortescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb və nəticədə çox böyük layihələr həyata keçirilib.

     

Alternativ enerjinin istehsalı və istifadəsi sahəsində Azərbaycanda gedən bu müsbət proseslər dünya ictimaiyyətinin də diqqət mərkəzindədir və zaman-zaman əhəmiyyətli media qurumları tərəfindən işıqlandırılır.

      

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Bu reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.

  

Cənab Prezidentin bu müsahibə zamanı  vurğuladığı ilk məsələ Azərbaycanın nəinki ənənəvi enerji, o cümlədən bərpaolunan enerji sahəsindəki yeritdiyi aktiv siyasət və bununla da ölkəmizin ərazisinin  sərmayə yatırımı edənlər üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı olub.  Prezident İlham Əliyev bildirib ki, “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.

  

Xatırladaq ki, Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanmışdır 

Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu imzalanmışdır. Memorandum Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir.

Nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanmışdır. Sənədə   əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.

Tədbir çərçivəsində, həmçinin “Masdar” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında bərk məişət tullantılarından enerji istehsalı, “Azərbaycan Dəmir Yolları” QSC arasında isə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumları imzalanmışdır.

Dövlət başçısı müsahibəsi zamanı “ Masdar ” ilə strateji tərəfdaşlığımız ilə yanaşı, “ACWA Power” və BP kimi şirkətlərin  də sərmayədarlarımız sırasında olduğunu, bununla belə, bu sahədə  Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətlərinin tərəfdaşlıq   təşəbbüsünü xatırlatmışdır.

Milli enerji şəbəkəsinin gücləndirilməsi və  sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək səlahiyyətində olmaq  üçün ötürülmə xətləri ilə əlaqədar qonşu dövlətlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident məlumat verib  ki, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəf ixracdır. Cənab Prezident qeyd edib ki , COP 29 kimi mühüm tədbirə ev sahibliyi edəcək ölkə qismində , əsas öhdəliyimiz   yaşıl enerjiyə keçid prosesinin öncüllərindən olmaqdır.

Prezident İlham Əliyev beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri tərəfdaşlarımız ilə həll etməli olduğumuzu vurğulayıbPrezident qeyd edib ki: “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.

1994 – cü ildə Azərbaycan üçün çox mühüm əhəmiyyət daşıyan və  bu il 30 illiyi qeyd olunan “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna baxışın ilk günləri kimi xatirələrdə qalmışdır.  Daha sonrakı illərdə  bu mötəbər tədbir Bakı Enerji Həftəsinə çevrilmiş və qısa müddətdə, neft, təbii qaz, və hazırda yaşıl enerji sahəsində böyük uğurlar qazanmışdır. Elə o zamandan bəri, dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilmiş, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirmiş bu əhəmiyyətli  tədbir çərçivəsində iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. 

Cənab Prezident müsahibəsində qeyd etmişdir :  Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə – neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.

  

Cənab Prezident müsahibəsini COP 29 da sədrliyi dövründə Azərbaycanın  əsas məqsədlərindən birinin ölkələr arasında həmrəylik yaradaraq ölkələr və şirkətlərin əməkdaşlığının inkişafına və planetimizi qorumaq üçün birlik yaratmağa  təşviq etmək olduğunu vurğulayaraq sonlandırmışdır.

  Əminliklə qeyd edə bilərik ki,  ölkəmiz bu mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcək və bununla da dünya siyasətində fəal və konstruktiv  mövqeyini yenidən  sübuta yetirmiş olacaqdır.


Ziyafət Əsgərov 

     

                         

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 

sədri

Xəbəri paylaş: