“Azərbaycan elmi və cəmiyyəti üçün böyük itkidir” - Səbinə Əliyeva

img

Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin Ortopedik stomatologiya kafedrasının  professoru, görkəmli alim, tibb elmləri doktoru Zöhrab Qarayev dünyasını dəyişib. 


Onun ailəsinə dərin hüznlə başsağlığı bildirməklə yanaşı, qeyd etmək istərdim ki, bu tək Qarayevlər nəslinə deyil, Azərbaycan elmi və cəmiyyəti üçün böyük itkidir. O, əməkdar alim, böyük dost və müəllim olmaqla yanaşı, tələbə və aspirantlardan öz dəyərli məsləhət və tövsiyyələrini heç bir zaman əsirgəməyən böyük bir şəxsiyyət idi. Çox sayda dərslik, kitab, monoqrafiya, məqalələrin müəllifi idi. Stomatologiya fakültəsinin dekanı olduğu zaman hər zaman tələbələrə öz bilik və təcrübəsini ötürmüş, mən də daxil olmaqla, neçə-neçə gəncin elmə marağını yüksəltmiş, fəaliyətinin bütün illərini elmə həsr etmiş Zöhrab müəllim tək Azərbaycan elminin görkəmli siması deyildi, o, həm də əsl Azərbaycansevər olmaqla, milli incəsənət, mədəniyyət və tarixin bütün incəliklərini bilən bir şəxs idi.


Zörhab müəllimlə çoxsaylı birgə xarici konfranslar və konqreslərdə olduğum zaman, onun savad və bacarıqlarının xarici həmkarları tərəfindən necə hörmət və rəğbətlə qarşılandıqlarının, ondan örnək götürdüklərinin dəfələrlə şahidi olmuşam. 


Xatirimdədir ki, əzəli torpaqlarımızın işğal altında olduğu zaman o həmişə onların qayıdacağına ümidini bir gun belə itirmədi. Şanlı Zəfərimiz nəticəsində azad olunan torpaqlarımızın sevincini yaşamaq ona qismət oldu. Zöhrab müəllim doğulub boya-başa çatdığı Laçına gedəndən sonra mənimlə son telefon danışığında həmin ərazilərdə vüsət alan bərpa-quruculuq işləri haqqında böyük qürur, sevinc və fəxarət hissi ilə danışdı. 


Görkəmli alim, onu tanıyan hər kəsin hörmət və istəyini qazanan böyük şəxsiyyət, əməkdar elm xadimi Zöhrab Qarayevin əziz xatirəsi hər zaman yaddaşlarımızda qalacaq. Yeri nurla dolsun!  


Allah rəhmət eləsin!


Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman)





Xəbəri paylaş: