İlahiyyat İnstitutunda tədris ilinin yekunları ilə bağlı iclas keçirilib

img

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərlik, müəllim və əməkdaşların iştirakı ilə 2023/2024-cü tədris ilinin nəticələrinə həsr olunmuş iclas keçirilib.


Rezonans.az xəbər verir ki, Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, ali təhsil müəssisəsində tədris ili ərzində görülən işlər, İnstitutun gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb.


İlahiyyat İnstitutunun xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan A.Şirinov imzalanan əməkdaşlıq müqavilələri çərçivəsində tələbə mübadilələri, beynəlxalq konfranslar, seminarlar, “dəyirmi masa”ların həyata keçirildiyini bildirib.


Rektor Azərbaycan İlahiyyat İnstitutunun təşəbbüsü ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda ilk dəfə Azərbaycanda, daha sonra Türkiyə və İndoneziyada keçirilən beynəlxalq konfransın digər ölkələrdə təşkil edilməsi ilə bağlı   təkliflərin daxil olmasını müsbət hal kimi qiymətləndirib. Aİİ rəhbəri ölkə daxilində və xaricdə keçirilən tədbirlərə diqqət çəkərək, İnstitutun tədrislə yanaşı, beynəlxalq konfransların, seminarların baş tutmasına xüsusi önəm verdiyini qeyd edib.


A.Şirinov müəllimlərin beynəlxalq indeksli jurnallarda məqalələrinin və ixtisas sahələrinə aid elmi əsərlərinin yazılmasının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, həmçinin müəssisənin yutub kanalının təkmilləşdirilməsi istiqamətində də fikirlərini səsləndirib.


Ali təhsil müəssisəsinin rəhbəri tələbələrin bilik səviyyələrinin artırılması, dünyagörüşlərinin zənginləşdirilməsi istiqamətində görülən işlərdən söhbət açıb. A.Şirinov “Qonağınız müəllimlərinizdir” layihəsinə diqqət çəkərək, bu fəaliyyətin ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, eyni zamanda, tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması istiqamətində xüsusi rol oynadığını qeyd edib. O, eyni zamanda, Aİİ müəllimlərinin təşəbbüsü ilə təhsilalanların Azərbaycanda mövcud olan müxtəlif dini ibadət ocaqları ilə əyani tanışlıq məqsədilə səfərlərin təşkil edilməsini yüksək qiymətləndirib. 


İclasın sonunda İnstitutun ictimai-sosial həyatında fəal iştirak etmiş müəllimlərə təşəkkürnamələr təqdim olunub.

Xəbəri paylaş: