Azərbaycan Pakistan münasibətləri dərin köklərə bağlıdır

img

Bu gün Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır və bu qarşılıqlı münasibətlər dərin köklərə bağlıdır.  


Məhz Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan olmuşdur. Ölkələrimiz arasında 1992-ci il iyunun 9-da qurulan  diplomatik əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

        Məlumdur ki, Pakistan Azərbaycanda ən çox sevilən dövlətlərdən biridir, qardaş ölkədir. Azərbaycan-Pakistan əlaqələri də məhz bu sevgiyə, həmçinin ortaq mənəvi dəyərlərimizə və şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin qardaş ölkənin liderləri ilə birgə möhkəm təməllər üzərində qurduqları dostluq, qardaşlıq münasibətlərinə söykənir. Xalqlarımız, dövlətlərimiz arasındakı yüksək etimad və hörmət qarşılıqlıdır.  

        

Bu baxımdan, bizi birləşdirən mühüm keyfiyyətlərdən biri də dostuğa sədaqət və minnətdarlıq hissidir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafında Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu tərəfindən qardaş ölkədə həyata keçirilən humanitar layihələr tarixi xeyriyyəçilik ənənələrimizin uğurla davam etdirilməsi ilə yanaşı, Azərbaycanın qardaş ölkədə daha da yaxından tanınmasına zəmin yaratmışdır. 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstək, Pakistan dövlətinin və xalqının hər zaman yanımızda olması qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.

       

Əminik ki, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri iki döst, qardaş ölkələr arasındakı münasibətləri yeni səviyyəyə qaldıracaq, qarşılıqlı əlaqələrə yeni impuls verəcəkdir. Səfərin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında gerçəkləşən üçtərəfli görüşdən sonra baş tutması, düşünürəm ki, diqqətçəkən vacib məqamlardan biridir. Əminliklə demək olar ki, Azərbaycan-Türkiyə-Pakistan üçlü əməkdaşlıq formatı regionda sülhə, əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfə verəcək mexanizmlərdən biri kimi daha da güclənəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, bu qarşılıqlı dəstək isə ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır.

      

Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. Zənnimcə, qarşılıqlı etimad, sevgi, səmimi dostluq, qardaşlıq münasibətlərindən yüksəkdə dayanan heç nə yoxdur. Ən önəmlisi isə odur ki, iki ölkə arasındakı münasibətlər sağlam təməllər üzərindən qurulub, zamanın sınaqlarından çıxıb.

       

Bu gün iki ölkə liderlərinin səyləri sayəsində Azərbaycan-Pakistan münasibətləri öz inkişafının ən yaxşı dövrünü yaşayır. Azərbaycanın Vətən Müharibəsində Qələbəsindən və antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni, sabit və uzunmüddətli perspektivlər vəd edir. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət qazandırmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın da genişlənməsinə və dərinləşməsinə töhfə verəcək.


Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Xəbəri paylaş: