Bir müddət əvvəl Bakıdakı təndirxanaların birində hazırlanan qrilin içindən qurd çıxması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.
Rezonans.az xəbər verir ki, məsələ ilə bağlı AQTA məlumat yayıb.
Bildirilib ki, yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İlhamə Zəkaray qızı Əsədovaya məxsus “Təndir N1” iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.
“Baxış zamanı qida obyektində bişmiş yeməklərin çiy toyuq və ət məhsulları ilə birgə saxlandığı, dondurulmuş ət məhsullarının donunun açılması (defrostasiya) proseduru üçün sahənin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, emal və anbar sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinə arayışlarının qanunvericiliyə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.
Həmçinin ümumi çəkisi 6.6 kq olan subməhsulun (ağ ciyər və qara ciyər) minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər təqdim olunmayıb”, - qurum bəyan edib.
Aşkarlanmış nöqsanlarla əlaqədar qanunverciliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.