
Azərbaycan, onun müxtəlif şəhərləri və xüsusilə Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir.
Otuz müxtəlif ölkəni təmsil edən 249 şirkətin qatıldığı Bakı Enerji Həftəsi növbəti mötəbər tədbirlərdən biridir. Özündə müxtəlif layihələri, o cümlədən, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu ehtiva edən regionun ən böyük sənaye tədbiri həm Azərbaycan, həm region, həm də dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir.
Bu hər bir iştirakçı üçün vacib nəticələr yarada bilər. Onlardan biri enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi istiqamətində aparılan müzakirələrin və dialoqun daha da gücləndirilməsidir.
Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi zamanı ölkə rəhbəri öz çıxışında bu məsələni xüsusilə qeyd edərək bildirdi ki, “Hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq”. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin nəticəsində artıq Azərbaycanın müxtəlif istiqamətə uzanan 3 neft və 4 qaz boru kəməri mövcuddur. Ölkəmiz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır. Bu şaxələndirilmiş ixrac marşrutları ilə yanaşı, yeni xətlər də nəzərdən keçirilir. Prezident cənab İlham Əliyev bir daha Zəngəzur dəhlizinin fəaliyyəti, onun yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola biləcəyi haqqında fikirlərini qeyd edib.
Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi, iqtisadi, sosial, hüquqi islahatlar və onların nəticələri həm ölkə daxilində, həm də ölkədən kənarda yüksək qiymətləndirilir, Azərbaycanın nüfuzunu artırır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü balanslı siyasət, əsas hədəf və məqsədlərə nail olmaq üçün həyata keçirdiyi praqmatik və çevik strategiya, verilən qərarlar ölkəmizin iqtisadi, siyasi nüfuzunu artırmaqla yanaşı, regionda və dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təminində ölkəmizin iştirakını, mövqeyini daha da gücləndirir.
Toğrul Məmmədov
Göygöl RMX PHŞ-in direktor köməkçisi