Azərbaycan qazı ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı

img

Hər il sərgilərin keçirilməsi, ildən-ilə əhatə dairəsinin genişlənməsi, iştirakçıların sayının artması Ulu Öndər tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın neft, enerji təhlükəsizliyi strategiyasının uğuru və təntənəsidir.


 Əlbəttə ki, bu gün əldə olunan nailiyyətlərdə bu tədbirlərin çox böyük rolu olub. Belə ki, o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox problemlərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana qlobal enerji şirkətlərinin diqqətinin cəlb edilməsində Xəzər Neft və Qaz Sərgi və Konfransı çox əhəmiyyətli rol oynayıb.

Ötən dövrdə Azərbaycan öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və getdikcə sayı artan ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamağa çalışıb.

Azərbaycan özünü etibarlı tərəfdaş və partnyor kimi artıq sübut edib, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Digər vacib məsələ isə Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında əldə olunmuş uğurlar, nəticələrdir. Hazırda Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan 30 ilə yaxın işğalda qalan tarixi ərazilərində nəhəng miqyaslı yenidənqurma işləri həyata keçirir. Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq. Artıq Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan yaradıb.

“Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin tələbatlarını təmin etdik. Eyni zamanda, biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq”. Bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın enerji ehtiyatlarının ixracı istiqamətində həyata keçirilən layihələrdən danışarkən bildirib.

Dövlətimizin başçısı bildirib ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Bundan bir il əvvəl - 2006-cı ildə isə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tikildi.

“Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir”, - deyə ölkə rəhbəri qeyd edib.


Ramin Muradov
Göygöl RİHBA-nın Sektor müdiri-baş mühasib

Xəbəri paylaş: