Azərbaycanda yapon komiks və animasiyalarına maraq artmaqdadır

img

Son zamanlarda dünyada yapon komikslərinə və animasiyalarına maraq olduqca artmaqdadır. Azərbaycanda həmin komiks və animasiyalarla maraqlanan şəxslərin sayı digər ölkələrə nisbətən az olsa da, yapon mədəniyyətini, yapon dilini öyrənmək istəyənlərin sayı kifayət qədərdir. Bu gün oxuyuculara Yaponiyaya xas unikal üsluba malik olan bu komiks və animasiya növləri barədə məlumat verəcək, ölkəmizdə manqa və anime mədəniyyətinin təbliği ilə bağlı görülən işlərdən bəhs edəcəyik.


İlk olaraq “manqa və anime nədir?” sualına cavab verək.


Manqa Yaponiyada nəşr edilən, müxtəlif janrlarda və növlərdə olan bir növ komikslərdir. Anime isə Yaponiyada manqa sənəti ilə çəkilmiş animasiyadır. Anime bir növ cizgi film tərzində olmasına baxmayaraq, janrının dərinliyinə və fərqliliyinə görə hər yaşdan insana xitab edir. İzləyici kütləsi çox olan manqa və animelər gün keçdikcə müxtəlif dillərə tərcümə olunaraq, bir çox ölkələrin kanallarında nümayiş etdirilir, həmin animelərin personajları canlandırılır, fiqurlar satışa çıxarılır, fanklublar yaradılır. Bu klublar vasitəsilə dünyaca məşhur kospley tədbirləri təşkil olunur.


Hazırda Azərbaycan gəncləri də manqa və animeyə daha çox maraq göstərməyə başlayıb və artıq ölkədə bir-birindən gözəl kospley tədbirləri təşkil olunur. Lakin təəssüflər olsun ki, kitabxanalarımızda Azərbaycan dilində manqalar demək olar ki, yoxdur, televiziya kanallarında isə öz dilimizdə animelər yayımlanmır.


Bütün bunları nəzərə alaraq, Azərbaycanda bu sahədə mövcud vəziyyətin yaxşılaşdırıması məqsədilə “Anifan” adı altında könüllü gənclər toplaşaraq, Azərbaycan Anime Cəmiyyətini yaratmağa başladılar.


“Anifan” ölkəmizdə anime və manqaları Azərbaycan dilində təqdim edən yeganə cəmiyyətdir. Belə ki, yarandığı ilk gündən bir çox manqa və animeləri könüllülərlə birlikdə Azərbaycan oxucusuna və izləyicisinə çatdırıb. Cəmiyyət iki əsas istiqamət - dublyaj və tərcümə üzrə fəaliyyət göstərir. “Anifan dublyaj” istiqamətində könüllülər bir neçə təlim məqsədli dərsdən sonra animelərin dublyajı ilə məşğul olurlar. Bu prosesdə əsas əhəmiyyət kəsb edən məsələ səs tonlarının, vurğuların animedəki personaja uyğun olması və onun yenidən canlandırılmasıdır ki, bu, olduqca çətin və böyük zəhmət tələb edən bir prosesdir. Cəmiyyət tərəfindən professional şəkildə hazırlanmış dublyajlar ölkəmizin müxtəlif kinoteatrlarında tamaşaçılara təqdim olunur.


Digər əsas bölmə olan tərcümə istiqamətində isə könüllülər manqaları Azərbaycan dilinə tərcümə edir və onu kitab halına salırlar. Burda da gənc könüllülər əvvəlcə manqa ilə işləməyi öyrənir, sonra isə tərcüməyə prosesinə başlayırlar. Tərcümə edilmiş və hazır olan manqalar “anifan.az” saytında oxuyuculara təqdim olunur. Onu da qeyd etmək lazımdır ki, artıq “Anifan” komandası tərəfindən bir neçə manqa Azərbaycan dilinə tərcümə edilərək çap olunub.


Yekunda onu da bildiririk ki, sadəcə könüllülərdən ibarət olan “Anifan” komandası yapon mədəniyyətinin bir parçası olan manqa və anime mədəniyyətini Azərbaycan cəmiyyətinə təqdim edilməsi, həmçinin müxtəlif anime və manqaların tərcümə olunması ilə Azərbaycanda dilinin inkişafı və zənginləşdirilməsi istiqamətlərində davamlı olaraq fəaliyyət göstərir.

Xəbəri paylaş: