AMEA ilə Gürcüstan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

img

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Gürcüstana səfəri çərçivəsində iki ölkənin Milli Elmlər Akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.


Rezonans.az xəbər verir ki, əməkdaşlıq memorandumunu Azərbaycan tərəfdən Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Gürcüstan tərəfdən həmin ölkənin Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli imzalayıblar.

Memoranduma hər iki ölkənin milli və dövlətçilik maraqlarına cavab verən birgə tədqiqatların aparılması, layihələrin hazırlanıb həyata keçirilməsi, zəruri ixtisaslar üzrə elmi kadrların hazırlanmasına və mübadiləsinə dəstək verilməsi, müştərək elmi konfransların və seminarların təşkili, elmi nəşrlərin mübadiləsi və sair kimi mühüm məsələlər daxildir.


İlkin olaraq Bakıda və Tbilisidə Azərbaycan-Gürcüstan elmi əlaqələrinin tarixi, ənənələri, simaları və gələcəyinə həsr edilmiş elmi konfransın keçirilməsi və Akademiyaların əsas elmi jurnalı sayılan “Məruzələr” jurnalının Azərbaycana və Gürcüstana həsr edilmiş xüsusi buraxılışının nəşri və mübadiləsi qərara alınıb.


Gürcüstan Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclasında Bölmələrin rəhbərləri  çıxış edərək Azərbaycan-Gürcüstan əməkdaşlıq memorandumunu və ilkin tədbirlər planını dəstəklədiklərini bilidiriblər.

Akademik İsa Həbibbəyli Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metrevelinin rəhbərlik etdiyi elmi heyətlə birlikdə Kaxetiya rayonuna səfərdə iştirak edib.

Xəbəri paylaş: