"Ölkəmiz bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir"

img

  Azərbaycan daim dünya üçün açıq, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik ölkə kimi qeyd edilir. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda ölkəmiz bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır.

 Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə, NATO ilə ,həmçinin dünyanın bir çox ölkələri ilə əməkdaşlıq münasibətləri də yüksələn xətlə və uğurla inkişaf edir.

2003-cü ildən keçən on doqquz il ərzində isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır.

İqtisadi potensialı və beynəlxalq nüfuzu artan Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısıdır. Bu gün ölkəmiz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırmışdır. Xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlər bu gün daha yüksək şəkildə inkişaf etməkdədir.

    Ümumiyyətlə, əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.

    Bizim doğma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün bu nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır. Bu inkişaf və tərəqqinin müsbət nəticələri ölkəmizin beynəlxalq nüfuzunu hər zaman öndə tutacaq və Azərbaycanın daha da inkişafına təkan verəcəkdir.


İsmayılov Səxavət

YAP Yevlax rayon təşkilatının fəalı,

Səmədabad kənd tam orta məktəbin direktoru

Xəbəri paylaş: