“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibə mərhələsi başa çatıb

img

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başa çatıb. Dini-Psixoloji Komisssiya 1-3 avqust 2024-cü il tarixlərində fəaliyyət göstərib.


Abituriyentlərin dünyagörüşü səviyyələrinin və “İslamşünaslıq” ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.


Rezonans.az xəbər verir ki, müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları, dünyəvilik anlayışı, psixoloji parametrlərinin “İslamşünaslıq” ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılıb.

DİM-in saytında müsahibə mərhələsində iştirak etmək üçün 104 abituriyent qeydiyyatdan keçib. Onlardan 57 nəfər “məqbul” alıb. 


Müsahibədən uğurla keçən abituriyentlər seçim zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə biləcəklər.


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi 9-19 avqust 2024 - cü il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq.


Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir. Aİİ-də bakalavr səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarına tələbə qəbulu həyata keçirilir. Ali təhsil müəssisəsində tələbələr tamamilə ödənişsiz təhsil almaqla yanaşı, həmçinin təhsil aldıqları müddətdə müxtəlif adlı təqaüdlər qazanmaq imkanı əldə edirlər. 

Xəbəri paylaş: