Avqustun 4-də 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək.
Bu barədə Rezonans.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan Dövlət Universitetində elektron qaydada təşkil ediləcək. Bakıda 154, Naxçıvanda 6 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.
İxtisaslar üzrə fənlərin uyğunluğu və keçid balları DİM-in saytında təqdim edilib.
İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim ediləcək. Tapşırıqlardan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. Digər 10 tapşırıq isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.
İmtahan saat 10:00-da başlanacaq və bir saat davam edəcək. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və sair elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.