Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Şəki rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin (DSX) yüksəkrütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçirib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz, unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.
Sonra Firad Əliyev, Zaqatala hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Emin Quliyev, polkovnik Nail Mehtiyev, eləcə də digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq istiqbalına hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.
Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən bu sahədə cinayətlərdən və məsuliyyətlərdən danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdən sonra ağaclar əkilib.