ABŞ müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qallant İraqda ABŞ hərbçilərinin yerləşdiyi hava bazasına hücumu "təhlükəli eskalasiya" adlandırıblar.
Rezonans.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
"Ostin və Qallant İraqın qərbindəki Ayn əl-Əsəd hərbi hava bazasında yerləşən ABŞ əsgərlərinə İranla koordinasiyada fəaliyyət göstərən yarımhərbi qüvvələrin hücumunun təhlükəli bir eskalasiya olduğunu və İranın regionda sabitliyi pozan rolunu nümayiş etdirdiyi barədə razılığa gəliblər”.
Bundan əvvəl "Shafaq News" portalı beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi Ayn əl-Əsəd aviabazasının raket hücumuna məruz qaldığını yazıb. Hadisə zamanı bir neçə ABŞ hərbçisi yaralanıb.
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri İraqdakı Amerika bazaları, eləcə də Suriyadakı Amerika hərbçiləri müntəzəm olaraq atəşə tutulub. Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.