Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb
Bu barədə Rezonans.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar son bir ay ərzində də davam etdirilib. Tədbirlərlə saxlanılan Tehran İsmayılov, Elçin Məmiyev, Yusif Yusifzadə və Məlik Əzimov paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslərdən olublar. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Tədbirlər zamanı saxlanılan digər şəxslərdən isə ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
Həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılan Pərviz İbiyevdən isə 1 ədəd "Makarov" tapançası aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.