Laçın rayonunda təşkil olunan “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində keçirilən növbəti panel müzakirə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunub.
Rezonans.az xəbər verir ki, panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevin iştirakı ilə keçirilib.
Əsas müzakirə mövzuları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son 4 il ərzində görülmüş işlər və işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun roluna həsr olunub.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev düşərgə iştirakçılarına Fondun fəaliyyəti və maliyyə dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr və görülən işlərlə bağlı geniş məlumat verib.
İdarə Heyətinin sədri çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi istiqamətində Fondun fəaliyyətindən də söhbət açıb.
İşğaldan azad edilmiş ərazilərin bərpasında xarici ölkələrdə yaşayan soydaşlarımızın da üzərinə mühüm vəzifələrin düşdüyünü deyən Rəhman Hacıyev bu baxımdan Diaspor Gənclərinin V Yay Düşərgəsinin böyük əhəmiyyətə malik olduğunu söyləyib:
“Bildiyiniz kimi, 30 ilə yaxın davam edən işğal dövründə Qarabağa çox ciddi ziyan dəyib, yalnız yaşayış məntəqələrimiz deyil, tarixi və dini abidələrimiz də dağıdılıb, eləcə də bu gözəl diyarın ətraf mühitinə yaralar vurulub. Azərbaycan diasporu Qarabağın bərpasına müxtəlif yollarla ciddi töhfə verə və bərpa-quruculuq işlərini dəstəkləyə bilər.
Bu gün burada iştirak edən gənclərin bir hissəsi sabahın iş adamları, biznesmenləridir. Onlar Qarabağa investisiya yatırmaqla bu gözəl diyarın bərpasında və inkişafında əhəmiyyətli rol oynaya bilərlər. Digər tərəfdən Qarabağ Dirçəliş Fondu vasitəsilə istənilən məbləğdə, həcmdə ianə etməklə də bərpa və quruculuq prosesini dəstəkləmək mümkündür”.
Rəhman Hacıyev Qarabağda gedən proseslərin, bərpa və quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun fəal rol oynaya biləcəyini də xüsusi vurğulayıb.
Çıxışlardan sonra tədbir işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib.
Sonda Qarabağda icrası davam edən bərpa-quruculuq işləri ilə bağlı videoçarx nümayiş olunub.