Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Avrasiya Hüquqşünaslar İctimai Birliyinin “Mediasiyanın (mübahisələrin səmərəli həlli vasitəsi) Praktik dəsrlik” kitabı nəşr ediləcək. Nəşr olunan kitab Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunur.
Rezonans.az xəbər verir ki, ilk dəfə gürcü dilində Gürcüstanda nəşr edilən kitabın müəllifi Gürcüstan Mediasiya Şurasının İdarə Heyətinin sədri İrakli Kandaşvili olmuşdur. Kitabın Azərbaycan dilində nəşrinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstək verilir. Eyni zamanda kitabın Azərbaycan dilinə tərcüməsi, redaktəsi sahəsində isə Azərbaycan Respublikasının Mediasiya Şurası dəstək olub.
İlk dəfə azərbaycan dilində nəşr edilən tədris vəsaiti mediatorların praktik biliklərinin artırılmasında, professional səviyyələrinin yüksəldilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, mediasiya sahəsində azərbaycan dilində tədris vəsaiti çatışmazlığı bu sahədə ciddi problemlər yaradırdı. Amma qeyd edilən vəsaitin nəşri bu sahədə boşluğun doldurulmasında mühüm rol oynacayacaq. Eyni zamanda Mediasiya Şurası tərəfindən təlim qurumu kimi mediasiya reyestrinə daxil edilən Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı da daxil olmaqla, əmək və ailə münasibətlərindən irelə gələn mübahisələr üzrə kurslar təşkil olunarkən qeyd edilən vəsait mediator olmaq istəyən namizədlərə ödənişsiz əsaslarla təqdim ediləcək.
Kitabın nəşrinin əsas məqsədi mediasiya sahəsində praktiki bacarıqların artırılmasına dəstək olmaq, mediasiya proseslərinin effektivliyində, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində mediatorluğa namizədlərin və mediatorların bilik və bacarığının artırılmasıdır. Kitabda mediasiya prosesinin müxtəlif mərhələləri, metodları və strategiyaları ətraflı şəkildə izah olunur. Eyni zamanda, kitabda mediasiya sahəsində beynəlxalq təcrübələr və tövsiyələr də yer alır.
Kitab eyni zamanda geniş auditoriya - vəkillər, hakimlər və mediasiya prosesində iştirak edən bütün maraqlı tərəflər üçün nəzərdə tutulub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə planlaşdırılan kitabın təqdimat mərasimində kitabın müəllifi Gürcüstan Mediasiya Şurasının İdarə Heyətinin sədri İrakli Kandaşvilinin də iştirakı Mediasiya Şurası tərəfindən təmin ediləcəkdir.
Eyni zamanda təqdimat mərasimində iştirak edən mediatorların kitabın müəllifi ilə müzakirələrinin keçirilməsi, praktiki suallarının cavablandırılması məqsədilə ödənişsiz əsaslarla kitab üzrə master-klassların keçirilməsi planlaşdırılır.