Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib

img

Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Bir Peşənin Sirri” festivalı keçirilib. 


Rezonans.az xəbər verir ki, “Qəbələ Mall” mərkəzində təşkil edilmiş tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.  Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan peşə təşkilinin inkişafı strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, rayonumuzda təhsil sahəsində qazanılmış uğurlardan danışmış, rayonda görülmüş işlərə görə ölkə rəhbərliyinə təşəkkür edərək festivalın işinə uğurlar arzulamışdır. Digər çıxışlarda peşə təhsilinin ölkənin iqtisadi inkişafındakı strateji rolundan, gənclərin məşğulluq imkanlarının artırılması və peşə təhsilinə olan marağın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilmişdir. 


Festivalda Qəbələ, Şəki, İsmayıllı, Kürdəmir və Qax peşə təhsil müəssisələrində turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və region üzrə peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirilmişdir. Həmçinin tərdbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi “Aspi Agro” MMC, “Qəbələ Xanlar” restoranı, “Qafqaz Qəbələ” MMC kimi işəgötürən müəssisələr də təmsil olunmuşlar. 


Bununla yanaşı tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilmiş, qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılmış, tədbir iştirakçılarına müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar verilmişdir.

Xəbəri paylaş: