Yerli vaxtla saat 14:10-a olan məlumata görə, Astana hava limanında 9 gəliş və 6 uçuş reysi təxirə salınıb. Ləğv edilmiş uçuşlar yoxdur.
Rezonans.az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Astanada pisləşən hava şəraiti ilə əlaqədar “Air Astana” aviaşirkətinin 4 təyyarəsi dolu vurması səbəbindən sıradan çıxıb və bu, sonrakı uçuşların zəncirvari ləngiməsinə səbəb olub.
Hazırda Mülki Aviasiya Komitəsinin, Aviasiya Nəqliyyatı Prokurorluğunun və Qazaxıstan Aviasiya Administrasiyasının əməkdaşları uçuşların gecikmələri ilə bağlı vəziyyətə nəzarət etmək və əməliyyat tədbirləri görmək üçün Astana hava limanındadırlar.
Onların birgə məlumatında deyilir: “Aviaşirkətin əməkdaşları iş başındadır və sərnişinləri Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün lazımi məlumat və xidmətlərlə təmin edirlər.
Təxirə salınan reyslər növbəti uçuşların gecikməsinə səbəb ola bilər və buna görə də sərnişinlərə tövsiyə olunur ki, aviareyslərin statusunu və uçuş vaxtını əvvəlcədən aviaşirkət və ya hava limanının məlumat xidmətlərindən öyrənsinlər”.