Azərbaycanın iqtisadi gücü dövlətimizin əsaslı inkişafını təmin edir

img

Bu il 27-ci keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi ilk dəfə 1994-cü il mayın 24-də mərhum prezident ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib.

İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlmişdi. H.Əliyevdən sonra sərgi hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib. İlk dəfə reallaşanda sərgi “Xəzər Neft və Qaz” deyil, "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. İndi sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, hər il sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Sərgi və konfrans Azərbaycan dövlətindən, burada fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alır.

1994-cü ildə təşkil edilən ilk sərgi Azərbaycanın neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi və dünya siyasi arenasında hələ özünü tam olaraq tanıda bilməmişdi. Düzdür, Azərbaycanın zəngin neft-qaz yataqları haqqında çoxlarının məlumatı var idi, lakin geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra "Əsrin müqaviləsi" imzalanmışdı. Buna görə də ilk “Xəzər Neft və Qaz” sərgisini həm də "Əsrin müqaviləsi"nin müjdəçisi adlandırmaq olar.

27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Bakının yeni hədəfləri

İlk sərgidən keçən dövr ərzində neçə-neçə qlobal layihələr reallaşıb. Lakin dünyada Azərbaycana maraq azalmayıb. Bu isə onu göstərir ki, ölkəmiz neft aləmində öz mövqelərini əldən vermir. İndi Azərbaycan 27-ci beynəlxalq neft-qaz sərgisinə ev sahibliyi edir. Bu da onun gərəkli tədbir olduğunu, ümumiyyətlə isə Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır.

Zəngin enerji ehtiyatlarına və əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışı zamanı enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmindən bəhs edib. O qeyd edib ki, “Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”.

 

Yasin  Cavadov

YAP Yevlax rayon təşkilatinin fəalı, Salamabad kənd tam orta məktəbimim direktoru.

Xəbəri paylaş: