Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini də mühüm dünya dövlətləri ilə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin qurulması təşkil edir. Bu kimi dövlətlərlə birgə imzalanan Bəyənnamələr, müxtəlif əhəmiyyətli sənədlər ölkəmizin dünya səviyyəsində nüfuzunu daha da artıraraq önəmli tərəfdaşlardan birinə çevrilməsinə əsas verir.
Azərbaycan Respublikasının hərtərəfli müttəfiqlik münasibətləri yeritdiyi dövlətətlərdən biri də Rusiya Federasiyasıdır. Bu iki dövlətin tarixinə qısa bir nəzər saldıqda, əməkdaşlıq münasibətlərinin möhkəm köklərə dayandığını görə bilərik.
Azərbaycan və Rusiya arasındakı dövlət səfərləri və müzakirələr, iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edir. 2022 –ci ilin fevralından etibarən daha da intensivləşən əməkdaşlıq, müxtəlif sahələrdə irəliləyişə və yeni imkanların yaranmasına zəmin yaratmışdır. Belə ki, 2022 – ci ilin 22 fevral tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlətin xarici siyasət strategiyası üçün mühüm əhəmiyyət kəsb edən bu Bəyannamənin 44 müddəası uğurla həyata keçirilir.
Cari ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Moskvaya dövlət səfəri etmiş, iyulun 4-də isə Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüşdə dövlət başçıları yenidən görüşmüşdürlər.
2024 – cü ilin 19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri və bu zaman qəbul edilən sənədlər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına böyük töhfə vermişdir.
İki dövlət arasında humanitar əməkdaşlıq hər zaman böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 324 məktəbdə 160 min şagird təhsil alır, 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir, 26 ali təhsil müəssisəndə 15 mindən artıq tələbə təhsilini rus dilində davam etdirir. Bununla belə, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərməyə davam edirlər.
Prezident İlham Əliyev ilə Vladimir Putinin görüşləri zamanı, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq məsələləri müzakirə edilir. Həmçinin, enerji və nəqliyyat sahələrində birgə layihələrin icrası ilə bağlı konkret razılaşmalar əldə edilir.
Azərbaycan və Rusiya arasındakı münasibətlər təkcə siyasi və diplomatik sahələrdə deyil, həmçinin iqtisadi, hərbi və humanitar sahələrdə də davamlı inkişaf edir. Son illərdə hər iki dövlət arasında bir sıra mühüm razılaşmalar imzalanıb ki, bu da tərəflər arasındakı dostluq və əməkdaşlığın davamlı olacağını göstərir. Xüsusilə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət dövriyyəsi milyard dollarlarla ölçülür. Energetika sahəsində əməkdaşlıq da iki ölkə üçün prioritetdir. Hər iki ölkə neft və qaz sahəsində böyük layihələrdə iştirak edir və bu layihələr region üçün mühüm iqtisadi əhəmiyyət kəsb edir. Dostluq münasibətlərinin davamlı olmasını təmin edən digər bir vacib sahə isə humanitar əməkdaşlıqdır. Hər iki ölkə arasında təhsil, mədəniyyət və idman sahələrində bir sıra birgə layihələr həyata keçirilir. Bu layihələr gənc nəsil arasında qarşılıqlı anlaşmanın artırılmasına və ölkələr arasında mədəni mübadilənin inkişafına töhfə verir.
Regional təhlükəsizlik məsələsi Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biridir. Cənubi Qafqaz regionu, geosiyasi baxımdan mühüm əhəmiyyətə malik olduğu üçün, burada sabitliyin təmin edilməsi hər iki dövlət üçün prioritetdir. Həmçinin, sərhəd təhlükəsizliyi məsələlərində də hər iki ölkə arasında əməkdaşlıq mövcuddur. Rusiya ilə Azərbaycan arasında sərhəd təhlükəsizliyinin təmin edilməsi, regionda sabitliyin qorunması üçün mühüm addımlardan biridir.
“Şimal-Cənub” nəqliyyat dəhlizi, Azərbaycan ilə Rusiya arasında ən mühüm infrastruktur layihələrindən biri hesab olunur. Bu dəhliz, Azərbaycan ərazisindən keçməklə, İran, Rusiya və Şimal Avropa ölkələrini birləşdirir. Dəhliz vasitəsilə həm dəmir yolu, həm də avtomobil yolu üzrə yük daşımalarının artması gözlənilir ki, bu da Azərbaycanın beynəlxalq ticarət sistemində mühüm rol oynayacağına işarə edir. Şimal-Cənub dəhlizi, regional inteqrasiya baxımından da əhəmiyyətlidir. Bu layihə sayəsində region ölkələri arasında iqtisadi əlaqələr güclənir və ticarət dövriyyəsi artır. Hazırda bu dəhliz vasitəsilə ildə 15 milyon tondan 30 milyon tonadək yük daşınması həyata keçirilir və bu rəqəmin daha da artırılması üçün yeni infrastruktur layihələri reallaşdırılır. Azərbaycan bu layihədə mərkəzi rol oynayaraq, həm regional, həm də beynəlxalq səviyyədə iqtisadi əhəmiyyətini artırır. Layihənin icrası ilə bağlı Rusiya ilə əməkdaşlıq davam edir və bu əməkdaşlıq çərçivəsində infrastrukturun modernləşdirilməsi və yüklərin daşınması üçün yeni imkanlar yaradılır.
Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi, ölkənin beynəlxalq səviyyədə ekoloji məsələlərə verdiyi önəmi göstərir. Bu namizədlik Rusiya tərəfindən də dəstəklənmişdir. Beləliklə, hər iki ölkə iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə addımlar atmağa hazırdır.
Energetika sahəsində əməkdaşlıq da iki ölkə üçün prioritetdir. Azərbaycanın neft-qaz ehtiyatları və Rusiya ilə birgə həyata keçirilən enerji layihələri, regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Həm də elektrik enerjisi istehsalı və ixracı sahəsində də iki ölkə arasında əməkdaşlıq davam edir. Həmçinin, ekoloji fəlakətlərin qarşısının alınması və təbiətin qorunması istiqamətində də birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq, regionun dayanıqlı inkişafına və ekoloji sabitliyin təmin olunmasına xidmət edir.
Cari ilin 19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bu sənədlər imzalanmışdır:
“Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu” , “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu” , “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu” , “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”.
Azərbaycan və Rusiya arasındakı münasibətlər, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq çərçivəsində möhkəmlənməyə və bu əməkdaşlığın genişlənməsi, gələcək üçün böyük perspektivlər vəd etməyə davam edəcəkdir.
Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.