Rusiya prezidentinin Bakıya səfəri zamanı Bakı ilə İrəvan arasında barışıq mövzusu müzakirə edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, Rusiya Federasiyasının bu istiqamətdə bütün səyləri həm Bakı, həm də İrəvanla ümumi tarixi və mədəni dəyərlərə əsaslanan xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur: "Sülh müqaviləsinin imzalanması regionda sülhün və sabitliyin bərqərar olması üçün mühüm şərtdir. Ölkəmiz bütün səviyyələrdə bunun tez bir zamanda baş verməsində maraqlı olduğunu bəyan edib. Bunu Rusiya prezidentinin özü də təsdiqləyib, o da məsələnin həlli üzrə dialoqu davam etdirmək üçün Bakıya səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq niyyətində olduğunu bildirib. Biz üçtərəfli saziş çərçivəsində tərəflərə kömək etməyə hazırıq".
Zaxarova Ermənistan-Azərbaycan sərhədində mümkün gərginliyin artması ilə bağlı son məlumatlardan da söz açıb və qeyd edib ki, onlar mütəmadi olaraq hər iki tərəfi təmkinli olmağa və bütün mübahisəli məsələləri yalnız sülh və diplomatik yollarla həll etməyə çağırırlar