Bakıda səfərdə olan Latviya Respublikasının Sertifikatlaşdırılmış Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Faila Abbasovanın Bakı 15 saylı Mediasiya Təşkilatının rəhbərliyi və mediatorları ilə görüşündə təşkilatın rəhbəri Qasım Şaliyev qonağa Bakı 15 saylı Mediasiya Təşkilatının strateji baxışı, missiyası və hədəfləri barədə ətraflı məlumat verib.
Rezonans.az xəbər verir ki, Bakı 15 saylı mediasiya təşkilatının ofisində olan Faila Abbasova mediasiya üçün yaradılmış şərait, mediasiya proseslərinin aparıldığı zallar və təşkilatın iş rejiminin gedişatı ilə yaxından tanış olub. Qasım Şaliyev qonağa Bakı 15 saylı Mediasiya Təşkilatının marketinq-maarifləndirmə fəaliyyəti, mediatorların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması üzrə görülən işləri qonağın diqqətinə çatdırıb.
Görüşdə iştirak edən Bakı 15 saylı mediasiya təşkilatının mediatoru Almaz Ağamuradova və mediasiya üzrə milli təlimçi Natiq Məmmədov qonaqla fikir mübadiləsi aparıb və real kazuslar əsasında mediasiya məxfiliyinin qorunması şərti ilə təcrübə paylaşımı ediblər. Mediatorlar qonaqla Latviya və Azərbaycan mediasiyası arasındakı oxşar və fərqli cəhətlər haqqında geniş praktik müzakirələr aparıblar.
Faila Abbasova qonaqpərvərliyə görə təşəkkür edib və Bakı 15 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib. Görüş praktik müzakirələr və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.