MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər Parlamentlərarası Assambleyasının iclası keçirilib

img

İyunun 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Gənclər Parlamentlərarası Forumu keçirilib. 

Rezonans.az xəbər verir ki, Tavriya sarayında keçirilən tədbirə Milli Məclisin deputatı, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev sədrlik edib. 

Emin Hacıyev iclası açaraq diqqətə çatdırıb ki, Forumda “Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda müzakirələr aparılacaq. O, cari ilin öz 10 illiyini qeyd edən MDB Gənclər Parlamentlərarası Assambleyası və 30 illiyini qeyd edən MDB Parlamentlərarası Assambleyası üçün əlamətdar olduğunu bildirib. Bu yubileylər münasibəti ilə Forum çərçivəsində təşkil olunmuş tədbirlər və digər mövzularda keçiriləcək toplantılar barədə məlumat verib.

İclasda MDB-yə üzv dövlətlərin spikerlərinin MDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına salamlama nitqləri səsləndirilib.

Milli Məclisin sədri Sahibə Qafarovanın Forum iştirakçılarına ünvanladığı salamlama nitqini Emin Hacıyev diqqətə çatdırıb.

Tədbirə sədrlik edən Emin Hacıyev bildirib ki, Forumun əsas vəzifələri parlamentlərarası gənclər əməkdaşlığının inkişafı istiqamətində, habelə gənclərin hüquq və maraqlarını əhatə edən beynəlxalq gənclər siyasəti və qanunvericilik fəaliyyəti sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasıdır.

İclasda MDB İcraiyyə Komitəsi tərəfindən Müstəqil Dövlətlər Birliyində beynəlxalq gənclər əməkdaşlığına həsr olunmuş məruzə təqdim edilib. 

Sonra Forum öz işini müxtəlif mövzularda seksiyalarda davam etdirib.

Forum çərçivəsində təşkil olunmuş dəyirmi masalarda MDB-də gənclər parlamentarizmi: gənclər parlament strukturlarının təcrübəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi,  Gənclərin ictimai diplomatiyası: regionlararası əməkdaşlıq və MDB ölkələrinin ortaq maraqları və digər mövzularda məruzələr dinlənilib. 

Tədbirə onlayn formatda qoşulan Milli Məclisin deputatı Nigar Arpadarai Gənclər siyasəti və gənclərin hüquqlarının və maraqlarının təmin edilməsi sahəsində qanunvericiliyin aktual istiqamətləri mövzusunda çıxış edib.

İyunun 10-da Milli Məclisin deputatı Emin Hacıyevin koordinatoru olduğu MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçirilib.

İclasda MDB-yə üzv ölkələrdə “Mənim  nəsil  şəcərəm” müsabiqəsinin keçirilməsi, dövlət gənclər siyasəti məsələlərinə dair milli qanunvericiliyin  təkmilləşdirilməsi və uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanması, bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb. 

Milli Məclisin üzvü Könül Nurullayeva tədbirə onlayn formatda qoşularaq mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu mövzusunda fikirlərini bölüşüb.

Bununla MDB Gənclər Parlamentlərarası Assambleyasının tədbirləri başa çatıb.

Xəbəri paylaş: