Heydər Əliyev dühasının əsas tarixi missiyası milyonların arzusu olan müstəqil Azərbaycan dövlətini qurmaq və onu qoruyub saxlamaq idi

img

Ulu öndər Heydər Əliyevin ən böyük arzusu, amalı Azərbaycanı bütöv, müstəqil və qüdrətli bir dövlət olaraq görmək idi

Əlbəttə, bu arzunu milyonlarla insan öz ürəyində yaşada bilər. Lakin bu arzunun gerçəkləşməsi uğrunda savaşmaq, bütün ömrünü müstəqil dövlətimizin quruculuğuna həsr etmək və sonda bu ali məqsədə çatmaq heç də hər kəsin bacara biləcəyi iş deyil. Heydər Əliyev dühasının da unikallığı məhz onda idi ki, milyonların arzusunu reallığa çevirmək gücünə yalnız o özü sahib idi. Bu günümüzün reallıqlarından baxdıqda ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycan üçün gördüyü işlərin ölçüyəgəlməz böyüklüyü diqqəti cəlb edir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tarix yaradan şəxsiyyətlərdəndir. O, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1969-82-ci illərdə görülən işləri belə səciyyələndirmişdir: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.” 1993-cü ildən başlanan inkişaf yolu məhz 1969-82-ci illərdə yaradılan möhkəm bazaya əsaslanır. Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirmişdi. Həmin illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və s. kimi biri-birindən vacib addımlar Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından öndə saxlamaları ucbatından Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül baş alıb gedir, silahlı qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. 1993-cü ildə ölkədə yaranmış son dərəcə böhranlı vəziyyətlə əlaqədar mövcud olan bütün həyati risklərə baxmayaraq, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə yeni Azərbaycanı qurdu. Bu qayıdışı ilə Ümummilli Lider Azərbaycanı xalqa, azərbaycanlıları isə özlərinə qaytardı, ölkəmizi parçalanmaq və bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını önə çəkən ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, bugünkü və gələcək nəsillər ölkəmizin müstəqillik yolunda hansı çətinliklərlə rastlaşmasından və onları necə dəf etməsindən məlumatlı olmalıdırlar. Bu gün müstəqil Azərbaycanın dünyaya səs salan uğurları ümummilli lider Heydər Əliyevin xidmətlərinin miqyasının, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyətinin aydın ifadəsini yaradır. Uğurlu daxili siyasəti ilə ölkədə sabitliyi yaradan Ulu Öndər Azərbaycanın malik olduğu iqtisadi resurslardan səmərəli isifadəni təmin etmək məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanasına nail oldu. Bu saziş Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin dünya birliyində yeri və rolunu möhkəmləndirdi, etibarlı tərəfdaş kimi nüfuzunu artırdı. “Əsrin müqaviləsi”ndən sonra imzalanan neft və qaz sazişləri, anlaşma memorandumları bu günümüz üçün möhkəm baza formalaşdırdı. Məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi, əlaqələr regional çərçivədən beynəlxalq əməkdaşlığa doğru inkişaf etdi. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanda sabitliyin, iqtisadi tərəqqinin geniş vüsət almasında ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanmasının xüsusi yeri vardır. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin bu mühüm addımı müharibə şəratində yaşayan ölkəmizin qarşısında yeni imkanlar açdı. Ulu Öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüququnu təmin etdi. 1995-ci ilin noyabrın 12-də qəbul olunan Konstitusiyamız Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yolunda mayak rolunu oynadı. İnsan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması və s. kimi demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Senzuranın, ölüm hökmünün ləğvi, 1995-ci ildən etibarən əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan humanist ideyaların qorunmasının təsdiqidir. Beləliklə, Ümummilli Liderin atdığı bütün bu addımlar Milli qurtuluşun bariz rəmzləri oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci tarixi dövrün, 1993-2003-cü illəri əhatə edən mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir. Bu dövr ulu öndərin öz sözləri ilə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Son 19 ildə Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan daha yüksək zirvələri fəth edir. Dövlət başçısının uğurla həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin nəticəsi olaraq ardıcıl əldə edilən diplomatik qələbələr və iqtisadi imkanların artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, gücünün, qüdrətinin artması yeganə problemimiz olan Qarabağ münaqişəsinin həllinə yol açdı. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltdi, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açdı. İşğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirib. Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da region ölkələrinin, qonşu dövlətlərin vətəndaşlarının da rifah səviyyələrinin yüksəlməsinə böyük töhfələr verəcək.

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: