Şuşada Gürcüstan Mediatorlar Assosiasiyası sədrinin kitabının təqdimatı olub

img

Şuşa şəhərində, Qarabağ Hotelində Gürcüstan Mediatorlar Assosiasiyası sədrinin kitabının təqdimatı olub.


Rezonans.az xəbər verir ki, bu barədə Mediasiya Şurasından bildirilib.


Əvvəlcə torpaqlarımızın azadlığı uğrundan canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Avrasiya Hüquqşünaslar Assosiasiyasının “Mediasiya (mübahisələrin səmərəli həlli vasitəsi) - Praktik dəsrlik” kitabı nəşr edilib. Nəşr olunan kitab Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunub. İlk dəfə gürcü dilində Gürcüstanda nəşr edilən kitabın müəllifi Gürcüstan Mediasiya Şurasının İdarə Heyətinin sədri İrakli Kandaşvilidir. Kitabın Azərbaycan dilində nəşrinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstək verilib. Kitabın Azərbaycan dilinə tərcüməsi, redaktəsi sahəsində isə Azərbaycan Respublikasının Mediasiya Şurası yaxından dəstək olub. İlk dəfə Azərbaycan dilində nəşr edilən tədris vəsaiti mediatorların praktik biliklərinin artırılmasında, professional səviyyələrinin yüksəldilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, mediasiyada Azərbaycan dilində tədris vəsaiti çatışmazlığı bu sahədə ciddi problemlər yaradırdı. Qeyd edilən vəsaitin nəşri bu sahədə boşluğun doldurulmasında mühüm rol oynacayacaq. Eyni zamanda Mediasiya Şurası tərəfindən təlim qurumu kimi mediasiya reyestrinə daxil edilən Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı da daxil olmaqla, əmək və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə kurslar təşkil olunarkən qeyd edilən vəsait mediator olmaq istəyən namizədlərə ödənişsiz əsaslarla təqdim ediləcək. Kitabın nəşrinin əsas məqsədi mediasiya sahəsində praktiki bacarıqların artırılmasına dəstək olmaq, mediasiya proseslərinin effektivliyində, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində mediatorluğa namizədlərin və mediatorların bilik və bacarığının artırılmasıdır. Kitabda mediasiya prosesinin müxtəlif mərhələləri, metodları və strategiyaları ətraflı şəkildə izah olunur. Eyni zamanda, kitabda mediasiya sahəsində beynəlxalq təcrübələr və tövsiyələr də yer alır. Kitab eyni zamanda geniş auditoriya - vəkillər, hakimlər və mediasiya prosesində iştirak edən bütün maraqlı tərəflər üçün nəzərdə tutulub.


Kitab barədə danışan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov ilk olaraq kitabın müəllifi, Gürcüstan Mediatorlar Assosiasiyası İdarə Heyətinin sədri İrakli Kandaşviliyə təşəkkürlərini bildirib. O qeyd edib ki, İrakli Kandaşvili dost və qardaş gürcü xalqının simasında Azərbaycanı sevən şəxslərdəndir və dostumuzdur. O qeyd edib ki, İrakli Kandaşvilinin kitabının Azərbaycan dilində nəşr olunması və xüsusən də ilk təqdimat mərasiminin Şuşada təşkil edilməsi təkcə mediasiya sahəsində biliklərin öyrənilməsində deyil, həmçinin iki xalq və xalqların peşə birlikləri arasında olan dostluq və qardaşlığın nümunəsidir. Nadir Adilov qeyd edib ki, Şuşada belə bir kitabın təqdimat mərasiminin təşkil edilməsinin mənəvi mənası çox böyükdür. O, mediatorlara kitabı oxumağı və İrakli Kandaşvilinin Azərbaycana səfəri zamanı kitabın onunla müzakirəsinin təşkil edilməsini tövsiyə edib.

Kitabın təqdimat mərasiminə videozənglə qoşulan Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşvili kitabın Azərbaycan dilinə nəşrinin maliyyələşdirilməsində göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Avrasiya Hüquqşünaslar Assosiasiyasına və Mediasiya Şurasına dərin təşəkkürlərini bildirib. O, canlı olaraq təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini, lakin növbəti imza günündə mütləq iştirak edəcəyini diqqətə çatdırıb. İrakli Kandaşvili həmçinin Şuşada region mediasiya təşkilatı rəhbərləri və mediatorlarının iştirakı ilə “Mediasiya təşkilatlarının marketinq üzrə bacarıqlarının artırılması” adlı seminarın təşkil edildiyindən xəbərdar olduğunu qeyd edib və əlavə edib: “Seminarı dostum Nadir Adilovun da aparmasından çox məmnunam, əminəm ki, bu seminar və müəllifi olduğum kitab azərbaycanlı qardaşlarımız olan mediatorlarımıza marketinq fəaliyyətlərində əlavə bacarıqlar qazandıracaq.” Sonda o, Azərbaycan mediatorlarının uğurlarına sevindiyini bildirib və onlara yeni yeni nailiyyətlər arzu edib. Təqdimat mərasimi kitab barədə fikirlərin bildirilməsi ilə başa çatıb. Kitablar mediatorlara ödənişsiz olaraq təqdim edilib.

Xəbəri paylaş: