Məlumdur ki, Azərbaycanla İtaliya arasında humanitar sahədə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Mədəniyyət Mərkəzinin yaradılması barədə qərar çox mühüm bir addım idi. 2022-ci ildə Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması İtaliya ilə Azərbaycan arasında humanitar sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir.
"Ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələr mövcuddur. Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulmuş, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparmışlar. Qeyd etməliyəm ki, 1972-ci ildə Bakı ilə Neapol qardaşlaşmış şəhərlər olmuşdur". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri çərçivəsində 2018-ci il iyulun 18-də təltifetmə mərasimində deyib. Dövlət başçısı qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır. 2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir.
Xüsusilə qeyd etmək lazımdır ki, mərasimdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycanın ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni, Prezidentin qızı Laura Mattarellanın "Şöhrət" ordeni, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesinin isə "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxunub. Sərəncamlarda deyilir ki, Prezident Sercio Mattarella Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə, Laura Mattarella ölkələrimizin humanitar əməkdaşlığının, Enzo Moavero Milanesi isə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenlərlə təltif olunublar. Dövlətimizin başçısı İlham Əliyev ordenləri təqdim edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın "Xidmətlərinə görə" böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - "Xidmətlərinə görə" ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib. İtaliya Prezidenti Sercio Mattarella ordenləri təqdim edib.
Yeri gəlmişkən, qeyd edək ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olub. Belə ki, 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaşma memorandumu imzalanıb. Sənəd müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsini, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların mədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur. İlkin əməkdaşlıq çərçivəsində Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib. Heydər Əliyev Fondunun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti müqəddəs Marçellino və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı və digər bu kimi dünya mədəniyyət nümunələrini əhatə edir.
Onu da qeyd edək ki, Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar, milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələri sərgilənir. Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalarla bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur. Vatikanla əlaqələrin inkişaf etdirilməsi istiqamətində Mehriban xanım Əliyeva tərəfindən mühüm işlər görülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Sebastian, Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub və görülən bu işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə böyük minnətdarlıq ifadə olunub. Bütün bunlar ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası Fransisk və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Paroli ilə görüşündə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlərdən, həmçinin digər əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Belə ki, Roma Papası Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoquna mühüm töhfələr verdiyini, Müqəddəs Taxt-Tac isə Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü olduğunu bildiriblər. Görülən işlər ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, həm də o deməkdir ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada "Azərbaycan Mədəniyyəti İli" elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsində böyük rol oynayır.
Ən əsası, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Bu isə Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasını nümayiş etdirməklə, iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradacaq.
Kəmalə Nəhmədova,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Peşə məktəbi ərazi partiya təşkilatının fəal üzvü