"Sülh müqaviləsi imzalansaydı, Azərbaycan XİN rəhbəri də..." - Mirzoyan

img

Ermənistanın xarici işlər naziri Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolunu konstruktiv adlandırıb.

Rezonans.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan dialoqu beynəlxalq forumu zamanı deyib. 

"Rusiya 2020-ci il müharibəsindən sonra uğurla vasitəçilik edə bildi və barışıq imzalaya bildi. Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarıdır. Bu rolu ABŞ, Aİ və digər ölkələr - Fransa və Almaniya davam etdirdi. Azərbaycanlı həmkarımla isə sonuncu görüş Qazaxıstanda baş tutub", - XİN rəhbəri qeyd edib. 

O, Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkür edib: "Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Bu nəzəri, aksiomatik həqiqətdir".

Mirzoyan həmçinin bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovu və Türkiyədən olan həmkarı Hakan Fidanı forumda görmək istərdi: "Əgər sülh müqaviləsi imzalansaydı, o zaman Azərbaycan XİN rəhbəri də İrəvandakı forumda iştirak edərdi". 

Xəbəri paylaş: